“Beşiktaş” – “Hapoel” matçında yaşananlar: Hadisələr necə başladı, nələr yaşandı? | 1news.az | Xəbərlər
Dünya

“Beşiktaş” – “Hapoel” matçında yaşananlar: Hadisələr necə başladı, nələr yaşandı?

Qafar Ağayev10:50 - Bu gün
“Beşiktaş” – “Hapoel” matçında yaşananlar: Hadisələr necə başladı, nələr yaşandı?

“Beşiktaş”ın İsrailin “Hapoel Beer Şeva” komandası ilə Gürcüstanın Batumi şəhərində keçirdiyi matç insidentlərlə yadda qalıb. Gürcüstan polisi Türkiyə klubunun azarkeşlərinə gözyaşardıcı qazla müdaxilə edib, hadisələrlə bağlı 16 nəfər saxlanılıb.

Matçın əvvəlində Türkiyə vətəndaşları tribunada Fələstinə dəstək pankartı açıblar. Polis pankarta müdaxilə etmək istəyib, lakin azarkeşlər buna imkan verməyiblər.

Gərginlik meydanda da yaşanıb. Qarşılaşmanın 21-ci dəqiqəsində “Beşiktaş”ın yarımmüdafiəçisi Salih Özcan autdan çıxan topu götürmək üçün “Hapoel Beer Şeva”nın ehtiyat oyunçular skamyasının olduğu tərəfə yaxınlaşarkən rəqib komandanın baş məşqçisi ilə mübahisə edib. Mübahisənin böyüməsi nəticəsində hər iki komandanın futbolçuları və texniki heyət arasında gərginlik yaranıb.

Azarkeşlərə həddindən artıq sərt müdaxilə

Meydançadakı gərginlik hakimin müdaxiləsindən sonra aradan qalxsa da, 26-cı dəqiqədə bu dəfə tribunada baş verənlər səbəbindən oyun dayandırılıb. Gürcüstan polisi “Beşiktaş” azarkeşlərinin olduğu sektora gözyaşardıcı qazla müdaxilə edib.

Polisin müdaxiləsi nəticəsində azarkeşlər çətin anlar yaşayıblar. Hakimlər briqadası soyunub-geyinmə otağına gedib. İsrail komandasının futbolçuları da meydanı tərk edərək soyunub-geyinmə otağına yollanıblar. “Beşiktaş”ın futbolçuları və klubun futbol direktoru Önder Özen isə azarkeşlərin olduğu sektora yaxınlaşıblar.

15 dəqiqədən çox davam edən fasilədən sonra hakimlər briqadası və futbolçular meydana qayıdıblar. Beş dəqiqəlik isinmə hərəkətlərindən sonra qarşılaşma 26-cı dəqiqədən etibarən bərpa olunub.

Matç “Beşiktaş”ın qələbəsi ilə başa çatdı

“Beşiktaş” rəhbərliyinin apardığı danışıqlardan sonra polis tribunadan çəkilib və təxminən 30 dəqiqəlik fasilədən sonra oyun yenidən başlayıb.

İlk hissədə “Beşiktaş” Orkunun zərbəsi və penalti ilə qol imkanlarından yararlana bilməyib.

Beşinci matçında üçüncü qələbəsini qazanan İstanbul təmsilçisi xallarını 10-a yüksəldərək turnirin ilk səkkizliyinə düşmək şansını artırıb. “Beşiktaş” dekabrın 10-da “Bayer Leverkusen”lə səfərdə qarşılaşacaq.

Matçda “Beşiktaş”ın qollarını Olaitan (75-ci dəqiqə) və Orkun (90-cı dəqiqə) vurub. “Hapoel”in yeganə qoluna isə East 90+3-cü dəqiqədə imza atıb.

Ərdoğan Serdal Adalıya zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ın prezidenti Serdal Adalıya zəng edərək baş verən hadisələrlə bağlı ona dəstəyini ifadə edib.

Serdal Adalı matçdan sonra açıqlama verərək Gürcüstan polisinin müdaxiləsini sərt tənqid edib.

“Bu gün heç istəmədiyimiz hadisələr yaşandı. Gürcüstan polisinin çox qeyri-balanslı, düşünülməmiş və həddindən artıq sərt müdaxiləsi oldu. İki yaralımız var idi. Təxminən 10-11 nəfər saxlanılıb. Onlar da 5-10 dəqiqəyə sərbəst buraxılacaqlar. Hər kəsə çox təşəkkür edirəm. Futbolçularımı təbrik edirəm”, – Adalı bildirib.

O, Türkiyə Futbol Federasiyası ilə görüşərək İsrail komandaları ilə qarşılaşmalarda problemlərin yaşanmaması üçün tədbirlər görülməsini istəyəcəklərini də qeyd edib.

Gürcüstan polisinin azarkeşlərə müdaxiləsi ilə bağlı suala cavabında Adalı bildirib ki, müdaxilə son dərəcə sərt olub və polisin müdaxilə etdiyi tribunada ciddi insident baş verməyib.

“İnanılmaz dərəcədə sərt müdaxilə idi. Halbuki müdaxilə etdikləri tribunada elə də böyük hadisə yox idi. Gözyaşardıcı qaz, çox sərt müdaxilələr... Mənə məntiqli və ağıllı görünmədi, amma sonu yaxşı oldu. Allaha şükür, yaralımız yoxdur. Uşaqları da götürüb evimizə dönəcəyik”, – klub prezidenti vurğulayıb.

Əzəli rəqiblər “Beşiktaş”a dəstək verib

“Beşiktaş”ın əzəli rəqibləri “Qalatasaray” və “Fənərbağça” başda olmaqla Türkiyə Super Liqasının klubları hadisələrə, İsrail komandaları ilə matçların neytral meydanlarda keçirilməsinə və Gürcüstanda polis müdaxiləsinə münasibətlərini açıqlayıblar.

“Qalatasaray” UEFA-nı klublara qarşı ikili standartlardan əl çəkməyə çağırıb.

“UEFA klublarımıza qarşı bərabərlik prinsipindən uzaq, ikili standartları ehtiva edən tətbiqlərdən artıq vaz keçməlidir”, – klubun açıqlamasında bildirilib.

“Fənərbağça” isə “Beşiktaş”ın və bundan sonra İsrail komandaları ilə qarşılaşacaq bütün klubların hüquqlarının müdafiəsi məsələsində onların yanında olduğunu bəyan edib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti Fələstinə dəstək pankartlarına görə “Qalatasaray”ı UEFA-ya şikayət etmişdi.

Türkiyə klublarının İsrail komandaları ilə oyunları təhlükəsizlik səbəbindən başqa ölkələrdə keçirilir.

Gürcüstan DİN: 16 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi “Beşiktaş”ın Batumidə keçirdiyi qarşılaşma zamanı baş verən hadisələrlə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada azarkeşlərin şəhərdə təhlükəsiz şəkildə yürüş etməsi üçün müvafiq tədbirlərin görüldüyü bildirilib. Bununla belə, Avropa meydanından “Batumi Arena”ya yürüş zamanı “Beşiktaş”ın bəzi azarkeşlərinin aqressiv davranışları ilə diqqət çəkdiyi qeyd olunub.

Bildirilib ki, azarkeşlər yürüş zamanı polisin xəbərdarlıqlarına əməl etməyərək ictimai asayişi pozub və müxtəlif əşyalar atıblar.

“Bəzi azarkeşlərin zorakı və təxribatçı hərəkətləri stadion ərazisində də davam edib. Onlar stadionun infrastrukturuna, xüsusilə oturacaqlara zərər vurublar. Oturacaqları hüquq-mühafizə orqanlarının əməkdaşlarına ataraq onların həyatını təhlükəyə salıblar”, – açıqlamada qeyd olunub.

Nazirlik hadisələr zamanı üç əməkdaşının yaralandığını bildirib.

“İctimai asayişi pozan qanunsuz hərəkətlərə görə hüquq-mühafizə orqanları 16 nəfəri saxlayıb”, – Gürcüstan DİN-in açıqlamasında vurğulanıb.

Paylaş:
24

Son xəbərlər

Bütün xəbərlər