Kanar adaları yaxınlığında miqrant qayığında faciə: 14 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Kanar adaları yaxınlığında miqrant qayığında faciə: 14 nəfər ölüb

1news Redaksiyası11:16 - Bu gün
Kanar adaları yaxınlığında miqrant qayığında faciə: 14 nəfər ölüb

İspaniyanın Kanar adaları yaxınlığında təxminən 100 miqrantı daşıyan qayığın göyərtəsində 14 nəfərin meyiti aşkarlanıb.

1news.az xəbər verir ki, İspaniyanın EFE rəsmi xəbər agentliyinin məlumatına görə, El Hierro adasının təxminən 72 kilometr cənubunda aşkarlanan qayığı La Estaka limanına çəkiblər.

Dənizdə xilasetmə xidmətləri daha əvvəl qayığın göyərtəsində 8-10 meyitin olduğunu bildirmişdi. Vəziyyəti ağır olan altı nəfər isə helikopterlə xəstəxanaya çatdırılıb.

Həmin gün adaya çatan digər qayığın göyərtəsindəki 84 miqrant La Restinga limanında sahilə çıxıb. Kanar adalarına gələn miqrantların əksəriyyəti bu limandakı qəbul mərkəzində və səhra hospitalında qarşılanır.

Gündəlik keçidlərdə rekord artım

Kanar adalarına miqrant axını oktyabr ayından etibarən sürətlənib. Noyabrın 25-də adalara bir gündə 2 100 nəfərin çatması rekord göstərici olub.

Miqrantların böyük hissəsi əhalisi təxminən 11 400 nəfər olan El Hierro adasına üz tutur. Bölgədəki sıxlıq yerli idarəetmə orqanlarının imkanlarını ciddi şəkildə çətinləşdirir.

Kanar adalarının regional hökumətinin rəhbəri Fernando Klavixo (Fernando Clavijo) X hesabında paylaşım edərək İspaniya hökumətini və Avropa Komissiyasını hərəkətə keçməyə çağırıb.

“Bu yeni faciə qarşısında böyük ağrı və çarəsizlik içindəyik. Humanitar böhran El Hierroda başlamır. Hərəkətə keçməli olduğumuz yer Seneqal və Qambiya sahilləridir”, – o bildirib.

Miqrantların ölümü İspaniyada bazar günü keçiriləcək ümumi seçkilər ərəfəsində baş verib. Miqrasiya siyasəti seçki kampaniyasının ən çox müzakirə olunan mövzularından biridir.

Rəy sorğularında öndə görünən sağ müxalifət sərhədlərdə daha sərt nəzarət tədbirlərinin tətbiqini tələb edir. Baş nazir Pedro Sançes isə miqrasiyanın ölkə iqtisadiyyatına verdiyi töhfələri müdafiə edir.

Hər il minlərlə miqrant təhlükəli dəniz şəraitinə və güclü axınlara baxmayaraq, həddindən artıq yüklənmiş qayıqlarla Atlantik okeanını keçərək İspaniya ərazisinə çatmağa çalışır.

Dəniz keçidləri, əsasən, hava və dəniz şəraitinin nisbətən əlverişli olduğu payız aylarında intensivləşir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər