DSX-da xidməti-döyüş fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib - VİDEO
Yanvarın 9-da Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.
1news.az xəbər verir ki, bu barədə DSX-dən bildirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Müşavirədə Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, Sərhəd Mühafizəsi sahəsində və ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində Dövlət Sərhəd Xidməti qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunmuşdur. 15 yanvar 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak etməsinin, Dövlət Sərhəd Xidmətinin 3 zabitini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı bildirilmişdir. Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılması, dövlət başçısının diqqət və qayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə də mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanmışdır. Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilmiş, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmişdir. 2024-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında: • fevralın 12-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi; • dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması; • ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi; • il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitənin, 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 28 ton 754 kq narkotik xassəli bitkinin məhv edilməsi; • işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yolun çəkilməsi, 126.5 km yolun əsaslı təmir olunması, 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması, 30.6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xəttinin çəkilməsi; • 110.27 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdiriməsi qeyd edilmişdir. 2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə göstərişlər verilmişdir. Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuşdur.