Həkim Sənan Mehtiyev Nazrin Mənsurovanın vəziyyətinin pisləşməsini izah etdi - VİDEO
Nazrin Mənsurovanın burun əməliyyatından sonra komaya düşərək dünyasını dəyişməsi ilə bağlı 1news.az məsələni araşdırmaq üçün həkim Sənan Mehtiyevə müraciət edib.
Hadisənin detalları və Nazrinin atası ilə həyat yoldaşının iddialarına cavab olaraq həkimin mövqeyini öyrənmək məqsədilə şərh almağa çalışsaq da, Sənan Mehtiyevlə əlaqə saxlamaq mümkün olmadı.
Müraciətlərimizə onun köməkçisi cavab verərək, həkimin sosial şəbəkələrdə paylaşdığı videonun tam versiyasını redaksiyamıza göndərdi. Həmin videoda Sənan Mehtiyev bildirir ki, əməliyyatdan üç gün sonra xəstəyə ev şəraitində və digər bir klinikada venadaxili iynələr vurulub və bu, onun vəziyyətinin pisləşməsinə səbəb olub.
Xatırladaq ki, Nazrin Mənsurovaya burun əməliyyatı 3 yanvar tarixində həyata keçirilmişdi. Lakin 4 yanvarda, xəstəxanadan çıxdıqdan sonra, vəziyyəti kəskin pisləşib. 5 yanvarda isə kritik vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Həkimlərin bütün səylərinə baxmayaraq, Nazrin Mənsurova huşunu itirmədən dünyasını dəyişib.
Nazrinin atası Aydın Abışzadə isə bildirib ki, qızı əməliyyatdan əvvəl rinoplastikaya ehtiyac olub-olmaması ilə bağlı tərəddüd edirdi. Lakin həkim onu burun çəpərinin əyri olduğu və əməliyyata ehtiyac duyulduğu barədə inandırıb. Daha sonra məlum olub ki, bu iddia əsassız imiş.
Nazrin Mənsurovanın həyat yoldaşı da bu fikirləri təsdiqləyib. O, açıqlamasında əməliyyatın gedişi, istifadə olunan dərmanlar və materiallarla bağlı heç bir məlumatın, o cümlədən epikriz sənədinin onlara təqdim olunmadığını vurğulayıb. Bundan əlavə, həyat yoldaşı bildirib ki, Nazrində güclü baş ağrıları başladıqda həkimlə əlaqə saxlamağa cəhd ediblər, lakin lazımi yardım ala bilməyiblər.
Bu hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu 30 yaşlı Nazrin Mənsurovanın ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi açıb.
Sənan Mehtiyevin köməkçisi tərəfindən redaksiyamıza göndərilən videonun tam versiyasını diqqətinizə təqdim edirik.