“Bu zirvə ilə qadın liderlərə öz uğur hekayələrini bölüşmək üçün əlverişli bir platforma yaradacağıq”
“Facemark” şirkəti və “İnci - işgüzar xanımların ünsiyyət klubu”nun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsi 4 mart Gülüstan sarayında baş tutacaq.
Zirvə cəmiyyətimizin inkişafı və gələcəyini formalaşdırmaqda qadınların oynadığı əsas rolun qeyd edilməsi üçün unikal bir fürsət yaradır. Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri, fikir öndərlərini və yenilikçilərini bir araya gətirəcək. Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik.
“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay
1. - Rafiq bəy, “Facemark” şirkəti olaraq illərdir ölkəmizdə müxtəlif sahələr üzrə tədbirlər təşkil edirsiniz. İlk dəfədir ki, qadın liderliyinə dair zirvə keçirəcəksiniz. Qadın liderlərin mövqeyini gücləndirmək üçün belə bir zirvə keçirməyin vacibliyini necə müəyyən etdiniz?
- “Facemark" olaraq illərdir müxtəlif sahələrdə tədbirlər təşkil edərkən, bazar ehtiyaclarını və cəmiyyətin tələblərini daim diqqətlə analiz edirik. Son illərdə dünyada və ölkəmizdə qadınların biznes, idarəetmə və digər strateji sahələrdə getdikcə daha aktiv rol oynaması müşahidə olunur. Bu tendensiyanı nəzərə alaraq, qadın liderlərinin cəmiyyətə töhfəsini artırmaq, onların qarşılaşdığı çətinlikləri və imkanları müzakirə etmək üçün Qadın Liderləri Zirvəsini təşkil etmək qərarına gəldik. Biz bu zirvə ilə qadın liderlərə bir araya gəlmək, güclənmək və öz uğur hekayələrini bölüşmək üçün əlverişli bir platforma yaratmağı hədəfləyirik.
2. - Tədbirdə qadın liderlik mövzusunda regionumuzun hansı güclü tərəflərini və inkişaf ehtiyaclarını vurğulamağı planlaşdırırsınız?
- Tədbirdə regionumuzun qadın liderlik sahəsindəki güclü tərəfləri kimi uğurlu qadın nümunələrinin mövcudluğunu, dövlət və özəl sektorun dəstəyini, gənc qadınların artan marağını və şəbəkələşmə imkanlarının genişlənməsini vurğulamağı planlaşdırırıq. Bununla yanaşı, inkişaf ehtiyacları kimi qadınlar üçün mentorluq imkanlarının artırılmasını, gender stereotiplərinin aradan qaldırılmasını və liderlik bacarıqlarının inkişafına yönəlmiş təhsil proqramlarının vacibliyini müzakirə etməyi nəzərdə tuturuq.
3. - Zirvənin konsept mesajı “Fərqlərin bərabərliyi”dir. Sizcə, fərqlərin bərabərliyinə necə nail olmaq olar və bu balansı təşkilat və cəmiyyət səviyyəsində necə təmin edə bilərik?
- Düşünürəm ki, fərqlərin bərabərliyinə nail olmaq üçün cəmiyyətdə və təşkilatlarda hər kəsin fərqliliklərinə hörmət edilməli və bərabər imkanlar yaradılmalıdır. Bu balansı təmin etmək üçün təşkilatlar şəffaf və inklüziv siyasətlər həyata keçirməli, cəmiyyət isə maarifləndirmə və dəstəkləyici mühit yaratmalıdır. Bu səbəbdən inanırıq ki, təşkil etdiyimiz Qadın Liderləri Zirvəsi fərqlərin bərabərliyinə dair bütün bu suallara cavab verməklə yanaşı, qadın liderlər üçün yeni imkanlar yaradaraq cəmiyyətin hər bir üzvü üçün faydalı olacaqdır.
“Facemark” şirkətinin və Qadın Liderləri Zirvəsinin Layihə rəhbəri Xədicə Cəbrayılova
1. - Zirvənin formatından danışaq. Bir günü əhatə edəcək tədbirdə neçə panel planlaşdırılır və bu panellər hansı mövzuları əhatə edəcək?
- Tədbir davos formatında “Lider qadın yoxsa Qadın lider?”, “İnnovasiya və Strateji Yanaşma”, “Rəqəmsal trendlər dövründə qadınlar” mövzusunda 3 paneldən ibarət olmaqla keçiriləcək. Hər paneldə 1 nəfər moderator və 4 nəfər spiker olmaqla bir bütöv gün davam edəcək. Həmçinin, seçilmiş mövzularda ayrıca çıxışların olması planlaşdırılır.
2. - Düşünürük ki, tədbir ölkəmizdə qadın liderlər üçün daha böyük və davamlı təşəbbüslərə ilham verəcək. Zirvəni beynəlxalq səviyyəyə çıxarmaq üçün sizcə, hansı strategiyalar edilməlidir?
Zirvəni beynəlxalq səviyyəyə çıxarmaq üçün ilk növbədə qadın liderliyi sahəsində tanınmış beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq, qlobal səviyyədə tanınan liderləri və ekspertləri tədbirə cəlb etmək vacibdir. Bununla yanaşı, rəqəmsal platformalar vasitəsilə zirvənin qlobal auditoriyaya çatdırılması, uğur hekayələrinin və innovativ təşəbbüslərin bölüşülməsi həm marağı artırar, həm də qadın liderlərin şəbəkələşməsinə şərait yaradacaq. Əsas məqsəd zirvəni ilham mənbəyinə çevirmək, ölkəmizdə qadın liderlər üçün qlobal səviyyədə tanınan bir platforma yaratmaqdır.
3. - Qadın liderlərin yeni biznes əlaqələri qurması və əməkdaşlıq etməsi baxımından tədbir necə bir rol oynayacaq? Ümumiyyətlə, zirvədən gözləntiləriz nələrdir?
- Tədbirdə müxtəlif sektorları təmsil edən liderlər bir araya gələcək, fikir mübadiləsi aparacaq və birgə layihələr üçün ilham alacaqlar. Zirvədən gözləntimiz, qadın liderlərin yalnız özlərini inkişaf etdirmək deyil, həm də bir-birinə dəstək verərək regional və qlobal səviyyədə güclü şəbəkələr qurmasıdır. Bu zirvə, qadınların idarəetmə və təşəbbüskarlıq sahəsində daha güclü addımlar atmasına və davamlı dəyişikliklər yaratmasına zəmin hazırlayacaq. Belə ki, tədbirdə iştirak edən 500 nəfər qadın təxminən 250-dək dövlət və ya özəl qurumunun əməkdaşlarıdır.
Əminəm ki, tədbir qadın liderlər arasında həmrəyliyə, irəlidə onların uğurlarına, həmçinin, onlardan ilhamlanan qadınların inkişafına nail olacaqdır.