Ötən il 151 orqan transplantasiyası əməliyyatı icra olunub
Ötən ilin 11 ayı ərzində Xidmətlər Zərfi çərçivəsində 151 orqan transplantasiyasıəməliyyatı icra olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, 2024-cü il ərzində icbari tibbi sığorta çərçivəsində 5.2 milyondan çox şəxs tibb müəssisələrinə 24.1 milyon dəfə müraciət edib.
"Bu o deməkdir ki, ölkə əhalisinin 54%-i icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84.4 milyon olub. Tibbi xidmətlərin 87 %-i ambulator, 13 %-i stasionar şəraitdə göstərilib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyini təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 331 984 göndəriş verilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188 195 əməliyyat və prosedurdan yararlanıb.
Bu xidmətlərdən 3055-i uşaqlara, 185 140-ı isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan:
- 51 670-ni invaziv radiologiya;
- 41 131-ni oftalmoloji;
- 32 974-nü ürək-damar cərrahiyəsi üzrə xidmətlər təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin 11 ayı ərzində Xidmətlər Zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 50 %-ni böyrək, 46 %-ni qaraciyər, 4 %-ni isə sümük iliyi transplantasiyı əhatə edir.
Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı ötən ilin yanvar-dekabr ayları üzrə davam edir", - deyə məlumatda bildirilib.