Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulub

Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb.
Bu barədə 1news.az-a tənizmləyici quruma istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankda “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və müvafiq maliyyə qurumlarının nümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgə görüşü təşkil olunub. Görüş zamanı “SWIFT” təşkilatı tərəfindən reallaşdırılan hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.
Görüşdə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları və strateji tərəfdaşların Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.
Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası, ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.
Mərkəzi Bank aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində layihələrin və strateji təşəbbüslərin həyata keçirilməsini davam etdirir.