Qurumların görəcəyi işi özləri görən vətəndaşlar – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qurumların görəcəyi işi özləri görən vətəndaşlar – VİDEO

Qafar Ağayev17:46 - Bu gün
Qurumların görəcəyi işi özləri görən vətəndaşlar – VİDEO

Qış ayları gələndə hər dəfə olduğu kimi, qurumlar hava şəraitinin fəsadlarının aradan qaldırılmasına hazırlıqla bağlı açıqlamalar verirlər.

Lakin, artıq bir neçə gündür ki, ölkə ərazisində davam edən qarlı-şaxtalı hava şəraitində reallıq tam fərqli mənzərə yaradır.

1news.az xəbər verir ki, qurumlar hər dəfə qar yağmazdan əvvəl texnikaların hazır olduğunu bəyan etsələr də, son günlər yağan qardan sonra meydana gələn vəziyyət göstərdi ki, hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində sadə vətəndaşlar daha çox işlər görür, nəinki aidiyyəti qurumlar.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, icra hakimiyyətləri və aidiyyəti qurumlar texnikaların və əməkdaşlarının hesabına yolları qardan və buzdan təmizləməyə çalışsalar da, bu yetərli olmur. Görünən odur ki, qar yağandan sonra bir çox ərazilərdə təmizləmə işləri vaxtında aparılmır. Sakinlər öz imkanları daxilində qarı kürəkləyərək təhlükəsizlik tədbirləri görməyə məcbur olurlar. Halbuki, bu işlər aidiyyəti qurumlar tərəfindən vaxtında və effektiv şəkildə həyata keçirilməlidir. Xüsusilə də, şəhərin əsas yolları, piyada keçidləri, məktəblərin, xəstəxanaların və digər ictimai obyektlərin qarşısı mütəmadi olaraq təmizlənməlidir.

Maraqlıdır ki, hər il eyni problemlə qarşılaşsaq da, heç bir ciddi dəyişiklik baş vermir. Qurumlar problem yaşanmazdan əvvəl genişmiqyaslı hazırlıq gördüklərini desələr də, vətəndaşlar hər dəfə eyni çətinlikləri yaşamalı olurlar. Nəticədə, insanların təhlükəsizliyi risk altına düşür, şəhərdə nəqliyyatın hərəkəti iflic olur.

Sonda sual yaranır: Görəsən, nə vaxtsa bu problemlər həqiqətən həll olunacaqmı, yoxsa vətəndaşlar hər qış eyni vəziyyətlə üzləşməyə davam edəcəklər?

Paylaş:
85

Son xəbərlər

ADY-də yeni təyinat

Bu gün, 14:13
Bütün xəbərlər