Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1

Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
1news.az-ın “Report”a istinadən məlumatına görə, kəndə yeni köçən ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, bugünkü köç də daxil olmaqla, Ballıcaya köçən ailələrin sayı 112 ailəyə (562 nəfər) çatdırılıb.
15:38
Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
1news.az-ın “Report”a istinadən məlumatına görə, doğma yurdlarına yola salınan ailələr artıq Ballıca kəndinə çatıblar.
Qeyd edək ki, bugünkü köç karvanı 95 nəfər olmaqla 22 ailədən ibarətdir. Bununla da Ballıcaya köçürülən ailələrin sayı 112-ə çatıb.
12:06
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.
Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


