Sevinc Fətəliyeva: “Xocalı soyqırımına əmr verənlərin və iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çalışmalıyıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Fətəliyeva: “Xocalı soyqırımına əmr verənlərin və iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çalışmalıyıq”

Qafar Ağayev12:48 - Bu gün
Sevinc Fətəliyeva: “Xocalı soyqırımına əmr verənlərin və iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çalışmalıyıq”

“Xocalı soyqırımının törədilməsindən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 600-dən çox insan, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, təxminən 30 il sonra Azərbaycan ədaləti bərpa etdi.

"Biz torpaqlarımızı, o cümlədən Xocalını azad etdik və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin həm haqlı, həm də qaçılmaz olduğunu sübut etdik. Lakin həqiqi sülh yalnız dinc əhaliyə qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar ədalət qarşısına çıxarıldıqda mümkündür. Tarix artıq bizə göstərib ki, beynəlxalq ictimaiyyət insanlığa qarşı cinayətlərdə günahkar olanları layiq olduqları məsuliyyətə cəlb edə bilər. İkinci Dünya Müharibəsindən sonra nasist Almaniyasının liderləri beynəlxalq məhkəmədə – Nürnberq prosesində əməllərinə görə cavab verdilər. Bu, ədalətin bərpasının və bütün dünya üçün bir dərsin simvolu oldu: kütləvi qırğınlar və etnik təmizləmələr heç vaxt cəzasız qalmayacaq. Azərbaycan eyni yanaşmanın erməni tərəfinin törətdiyi hərbi cinayətlərə də tətbiq olunmasını tələb edir. 30 ildən çox müddət ərzində xalqımız işğal, etnik təmizləmə, şəhər və kəndlərin dağıdılması, eləcə də Xocalıdakı kimi dəhşətli qırğınlar yaşadı. Bu gün torpaqlarımız azad edildikdən sonra biz dinc əhaliyə qarşı törədilən vəhşiliklərə əmr verənlərin və iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çalışmalıyıq".

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər ədalətin tarixi qələbəsi oldu.

"Şəhərlərimiz, o cümlədən Xocalı azad edildi və Azərbaycan Dövlət Bayrağı həmin torpaqlarımız üzərində yenidən ucaldıldı. Qürurla deyə bilərik ki, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Lakin bu, ədalətin yalnız bir hissəsidir. Tam ədalət yalnız o zaman əldə olunacaq ki, Azərbaycan xalqına qarşı cinayətlər törədənlər məhkum edilsin və cəzalandırılsın. Əgər qəddarlıq və şər layiqincə qınanmaz və cəzalandırılmazsa, bu hallar zamanla normal qəbul edilə və cəmiyyətlərdə daha da dərin kök sala bilər. Tarix də dəfələrlə təsdiqləyib ki, cinayətlərin cəzasız qalması cinayətkarları daha da cəsarətləndirir və başqalarını da oxşar vəhşiliklərə sövq edir. Ədalətsizlik olduğu təqdirdə təhlükəli bir presedent yaranır və zorakılıq məqsədlərə çatmaq üçün məqbul vasitə kimi qəbul edilir. Beynəlxalq ictimaiyyət bu hərəkətlərə dəqiq və birmənalı qiymət verməlidir. Xocalı soyqırımının tanınması artıq bir çox ölkələrdə baş verib, lakin bu iş davam etdirilməlidir. Yalnız cinayətkarları cəzalandırmaqla davamlı və dayanıqlı sülh təmin edilə bilər. Əks halda, qlobal insan haqları sisteminə inam və bəşəriyyətin bu cür faciələrdən qorunması ilə bağlı ümidlər sarsılacaq.

“Azərbaycan keçmişin ağrılarını necə dəf etməyin bir nümunəsini təqdim edir. Təkcə torpaqlarımızı azad etməklə kifayətlənməyib, eyni zamanda separatçı rejimin təmsilçilərini də həbs edərək ədalət mühakiməsinə çıxarıb. Onların arasında Xocalı soyqırımında iştirak etmiş cinayətkarlar da var. Amma Xocalı qətliamının təşkilatçılarından hələ də azadlıqda olanlar da var. Biz inanırıq ki, Robert Köçəryan, Serj Sarkisyan kimi Xocalı qatilləri də gec-tez ədalət mühakiməsi qarşısına çıxarılacaq!”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
59

Son xəbərlər

ADY-də yeni təyinat

Bu gün, 14:13
Bütün xəbərlər