Tallində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tallində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

14:26 - Bu gün
Tallində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən tarixi “Hopneri Maya” muzeyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

1news.az xəbər verir ki, Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, anım tədbirində Estoniya parlamentinin (Riigikogu) üzvləri, 2002-2005-ci illərdə Estoniyanın xarici işlər naziri olmuş Kristiina Oyuland, Türkiyə, Qazaxıstan, Braziliya, Şimali Makedoniya, Moldova və Ukraynanın bu ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, ictimai xadimlər, elm adamları, Azərbaycan və tatar icmalarının nümayəndələri və Tallin şəhərində təhsil alan gənc soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edən səfir bu hadisələrin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirtdiyi etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıb.

Xüsusilə qeyd olunub ki, Azərbaycan dövləti, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində geniş yayılaraq, təsirli təbliğat vasitəsinə çevrilmişdir.

Vurğulanıb ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət cəzasız qalmamalı və dünya ictimaiyyəti tərəfindən pislənməlidir. Bir çox ölkələr tərəfindən artıq dövlət və ya parlament səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu qanlı cinayətin pislənildiyi iştirakçıların diqqətinə çatdırılıb. Bu baxımdan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən bu soyqırımını qınayan Bəyanatın hər il qəbul edilməsinin önəmi vurğulanıb.

Bu gün Xocalı şəhərinin işğaldan azad ediləndən sonra yenidən bərpa olunaraq dirçəldiyi diqqətə çatdırılıb. Əlamətdar hal olaraq, 2020-ci ildən Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün suveren ərazilərində, 2023-cü ildən isə Dövlət Bayrağının Xocalıda ucaldığı tarixdən əzəli Azərbaycan torpağında da anım tədbirlərinin keçirildiyi xüsusi qeyd olunub.

Anım mərasimində çıxış edən Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Riina Solman Xocalıda törədilmiş bu qətliamın insanlığa qarşı qanlı cinayət kimi qiymətləndirib, Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən Bəyanatın vacibliyini və önəmini vurğulayıb.

Estoniya ilə Azərbaycan arasında siyasi müstəvidə mövcud olan münasibətləri yüksək qiymətləndirən Riina Solman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Estoniya Respublikasının Prezidenti Alar Karisə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunu bunun bariz nümunəsi olduğunu bildirib.

Sonra “Xocalıya Ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmış litvalı kinorejissorlar Aleksandras Brokas və Mindauqas Urbonaviçiusun “Sonsuz Dəhliz” sənədli filmi və Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto-sərgi nümayiş olunub.

Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar, broşür və nəşrlər tədbir iştirakçılarının diqqətinə səbəb olub.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər