Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ən yaxşı memarlarını “Təməl” mükafatı ilə təltif etdi - FOTO

İlin memarlıq yekunlarına həsr olunan yeni “Təməl” mükafatının təqdimat mərasimi keçirildi.
Ötən il ərzində Azərbaycanda ərsəyə gəlmiş memarlıq layihələri 6 nominasiyada təqdim olundu.
19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis edildiyi 28 fevral tarixində ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçirilib.
2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilərək Komitə tərəfindən ilk dəfə təşkil edilmiş ən yaxşı memarların mükafatlandırılması mərasimi, bundan sonra hər il “Təməl” Mükafatı adı altında təşkil ediləcək. Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların) yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasən qiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi və bununla da yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyat keyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.
Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi xüsusi diqqəti və qayğısı sayəsində uğurla davam etdirildiyini vurğuladı. O, son illər ərzində bu sahədə mühüm struktur və qanunvericilik islahatlarının həyata keçirilməsinin əhəmiyyətindən bəhs etdi.
Komitə sədri “Təməl” mükafatının Azərbaycanda memarlığın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu və məhz bu səbəbdən mükafatın rəmzi adının seçildiyini qeyd etdi.
“Memarlıq yalnız estetik gözəllikdən ibarət deyil, həm də mədəni irsimizin və gələcək nəsillərin yaşam mühitinin formalaşmasında əvəzsiz rol oynayır. Həmçinin, memarlıq vasitəsilə şəhərlərin ruhu, tarixi dəyərlər və innovativ yanaşmalar birləşərək, unikal urbanistik məkanların yaranmasına şərait yaradılır. Hər il təşkil olunacaq bu mərasim, memarlıq dünyasında yeni fikirlərin, qabaqcıl layihələrin və texnoloji yeniliklərin dəstəklənməsində mühüm vasitəyə çevriləcək, dövlət siyasətinə uyğun olaraq memarlığın və şəhərsalmanın təməl prinsiplərinin qorunmasına töhfə verəcək”. – Anar Quliyev
Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, münsiflər heyətinin sədri, əməkdar memar İlqar İsbatov, həmçinin münsiflər heyətinin üzvü, əməkdar memar Nəriman İmaməliyev çıxış edərək bu təşəbbüsün müasir şəhər mühitinin yaradılması, memarlıq ənənələrinin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.
Daha sonra qaliblərə “Təməl” mükafatı, habelə bir sıra digər seçilmiş layihə müəlliflərinə müvafiq diplomlar təqdim edildi.
Eyni zamanda, Memarlar İttifaqının təşəbbüsü ilə ötən ilin ən gənc memarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı 23 yaşlı Jalə Hüseynovanın fəaliyyəti xüsusi qeyd edilərək Azərbaycan Respublikası Memarlar İttifaqının katibi Şeyda Novruzzadə tərəfindən müvafiq qaydada təltif edildi.
Qeyd edək ki, aşağıdakı 6 nominasiya üzrə ötən il ərsəyə gəlmiş ümumilikdə 93 layihədən 13 ən uğurlu layihə təltif edildi:
“Yaşayış komplekslərinin memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – “The Grand” yaşayış kompleksinin layihəsi (müəllif: Aleksey Fursov),
II dərəcəli diplomlar:
Şuşa şəhəri, Qarabağ küçəsində yerləşən binaların fasad həlli (müəlliflər: Marselina Zielinska);
Laçın rayonu, Minkənd kəndinin yenidənqurulması layihəsi (müəlliflər: Elçin Umudov, Elçin Əliyev, Simurə Əmirova, Jalə Hüseynova);
“Bərpa və yenidənqurma layihələri” nominasiyası üzrə
“Təməl” mükafatının laureatı – Xankəndi şəhəri, təhsil elm və mədəniyyət binasının fasadının yenidənqurulması (müəllif: Ağa Xalıqzadə),
II dərəcəli diplom:
Ağdam İmarət Kompleksinin layihəsi (müəllifləri: Fabrisio Konti, Valentina Linares, Alessandro Bianki, Fizuli Əliyev, Əli Məmmədov, Yaşar Zeynallı);
“İctimai binaların memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Laçın şəhəri, “Asan xidmət” mərkəzinin layihəsi (müəllif: Samir Abasquliyev);
II dərəcəli diplom:
Bakı Ağ Şəhər Biznes Mərkəzinin layihəsi (müəllif: CallisonRTKL);
“İctimai məkanlar və landşaft memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Bakı şəhəri, Mərkəzi parkın layihəsi (müəlliflər: Franz Yans, Maria Aubök, Yanos Karas, Miron Vendziloviç, İvan Rinaldi, İvana Kuçirkova, Denisa Rusnaçikova);
II dərəcəli diplom:
Bakı şəhəri, Mərkəzi Nəbatat Bağının layihəsi (müəlliflər: Mansur Bukani, Babək Şahbazi, Ziya Aslan, Samir Sadıxov);
“Mədəniyyət və dini obyektlərin memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatı – Bakı şəhəri, Zəfər Parkının layihəsi (müəllif: Francesco Cordano),
II dərəcəli diplom:
Cəbrayıl şəhərində məscid layihəsi (müəllif: Cahangir Məmmədrzayev, Ağa Xalıqzadə);
“Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Bakı Ağ Şəhər piyada körpüsünün layihəsi (müəlliflər: UNStudio, Azərbaycan Inkişaf Şirkəti),
II dərəcəli diplom:
Laçın Beynəlxalq Hava Limanının layihəsi (müəllif: Elyar Dehghanian, Babək Dehghanian, Boris Qejankin).








