AZAL və PAŞA Travel Yunanıstan və Monteneqroya çarter reyslərini elan edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL və PAŞA Travel Yunanıstan və Monteneqroya çarter reyslərini elan edir - FOTO

15:19 - Bu gün
AZAL və PAŞA Travel Yunanıstan və Monteneqroya çarter reyslərini elan edir - FOTO

Bakı, 03.03.2025 – PAŞA Travel-in sturuktur bölməsi PAŞA Holidays turoperatoru və Azərbaycan Hava Yolları (AZAL) 2025-ci ilin yay mövsümü çərçivəsində Yunanıstana və Monteneqroya çarter proqramlarını bərpa edərək, səyahətçilərə yeni imkanlar təqdim edir.

Bu əməkdaşlıq çərçivəsində Bakı-Tivat-Bakı reysləri 2 iyun - 8 sentyabr tarixləri arasında icra olunacaq. İyun ayında uçuşlar həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı), iyul-sentyabr aylarında isə həftədə dörd dəfə (bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə) yerinə yetiriləcək.

Monteneqronun Tivat şəhəri Kotor körfəzi sahilində yerləşən və unikal təbiəti, müasir kurort infrastrukturu ilə tanınan məşhur bir turizm mərkəzidir. Tivat Beynəlxalq Hava Limanı ölkənin aparıcı turizm bölgələrinə yaxın yerləşdiyi üçün əlverişli tranzit nöqtəsidir. Əlavə üstünlük olaraq, Azərbaycan vətəndaşları Monteneqroya vizasız səyahət edə bilərlər.

Yeni istiqamət – Yunanıstanın Krit adası

Bu mövsüm AZAL və PAŞA Holidays səyahətçilərə yeni istiqamət – Yunanıstanın Krit adasını da təqdim edir. Kritin paytaxtı İraklion, qədim tarixi irsi, füsunkar çimərlikləri və unikal mədəniyyəti ilə fərqlənir. Bakı-İraklion-Bakı çarter reysləri 7 iyun – 6 sentyabr tarixlərində həftədə bir dəfə həyata keçiriləcək. Bütün reyslər biznes və ekonom siniflərdə təqdim ediləcək ki, bu da sərnişinlərə rahat və fərqli büdcələrə uyğun səyahət imkanı yaradacaq.

Monteneqroya və Yunanıstana təşkil olunan səyahət paketlərinə aviabilet (23 kq baqaj daxil olmaqla), qonaqlama, qidalanma, səfər sığortası və transfer xidmətləri daxildir. Paketlər Azərbaycanın aparıcı səyahət agentliklərində satışa çıxarılacaq.

AZAL və PAŞA Travel 2017-ci ildən etibarən Monteneqro istiqamətində uğurlu əməkdaşlıq edir. 2025-ci ildən isə bu populyar istiqamətə Yunanıstanın Krit adası əlavə edilərək, səyahətçilər üçün daha geniş seçim imkanları yaradılıb.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər