“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə rəsmi şəxslər, turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və jurnalistlər iştirak ediblər.
Tədbirdən öncə “Dədə-baba” rok qrupu çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıb.
Daha sonra final oyununda Dövlət Neft Şirkətinin (SOCAR) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) komandaları qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın yekununda SOCAR komandası 1:0 hesabı ilə rəqibini məğlub edərək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin qalibi olub.
Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və əslən Qarabağdan olan tanınmış futbolçu, eyni zamanda turnirin səfiri olan Qara Qarayev iştirak ediblər.
İlk öncə turnirin qalibi olan SOCAR komandasına qızıl medallar və kubok təqdim edilib.
İkinci yeri tutan İRİA komandasına gümüş, üçüncü yer uğrunda oyunda UMİCO komandasına 3:2 hesabı ilə qalib gələn “Advokat” komandasına bürünc medallar təqdim olunub.
Turnirin ən yaxşı qapıçısı Elşad Quliyev (SOCAR GİPRO), turnirin ən dəyərli oyunçusu (MVP) Mehdi Mehdiyev (“Baku Steel Company”), turnirin bombardiri adına rəqib qapılarından 42 top keçirən Hakim İbadov (UMİCO), turnirin “Fair-Play komandası” adına isə “SOCAR Midstream” layiq görülüb.
Xatırladaq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək üçün QDF-ə ianə edən dövlət qurumlarının və şirkətlərin komandaları (ümumilikdə 40 komanda) iştirak edib.
Turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.
Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilib.






















