DİM-dən Sənəd Qəbulu Komissiyasında sıxlıqla bağlı açıqlama: Hər kəsin ərizəsi təsdiq ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-dən Sənəd Qəbulu Komissiyasında sıxlıqla bağlı açıqlama: Hər kəsin ərizəsi təsdiq ediləcək

Qafar Ağayev17:54 - 05 / 03 / 2025
DİM-dən Sənəd Qəbulu Komissiyasında sıxlıqla bağlı açıqlama: Hər kəsin ərizəsi təsdiq ediləcək

Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin Azərbaycan Memarlıq və İnşaat Universitetində yerləşən “Abituriyent Məsləhət Mərkəzi”nin qarşısında izdiham olduğu olması ilə bağlı görüntülər yayılıb.

Belə ki, mərkəzə 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün gələnlər burada işlərin yavaş getdiyini, sənəd təqdim edənlərin çox, qəbul edənlərin isə cəmi iki nəfər olduğunu bildiriblər. Saytımıza müraciət edənlər qeyd ediblər ki, onların narahatlığına əsas səbəb sənəd qəbulunun bu gün – 5 martda yekunlaşmasıdır. Bildirilir ki, sənəd qəbulunu özləri etməkdə çətinlik çəkdiklər bu mərkəzə müraciət edirlər.

Məsələ ilə bağlı 1news.az-a danışan Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib ki, hazırda ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu həyata keçirilir.

"Bu proses elektron formada aparılır və fevralın 20-dən etibarən start götürüb.

Ümumi təhsil müəssisələrini bu il bitirən cari ilin məzunları, 2012-ci il və ondan sonra məzun olan abituriyentlər, həmçinin 2012-ci və ondan sonrakı illərdə ali məktəb və ya kollecə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər heç bir yerə getmədən dim.gov.az saytında 24 saat aktiv olan sənəd qəbulu sistemi vasitəsilə özləri elektron qaydada ərizələrini təsdiq edirlər.

Şagird-məzun, Tələbə-məzun və s. kimi bazalarda yetərli qədər məlumatları olmayan digər abituriyentlər isə elektron ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarına müraciət etməklə təsdiq etdirirlər. Sənəd Qəbulu Komissiyaları Bakıda 2 ali təhsil müəssisəsi və DİM-in elektron imtahanlar korpusunda, həmçinin rayonlarda DİM-in 9 regional bölməsində fəaliyyət göstərirlər. Qeyd edim ki, SQK-ya müraciət etməli olan abituriyentlərin sayı ümumi ərizə təsdiq edən abituriyentlərin cüzi hissəsini təşkil edir.

Hazırda sənəd qəbulundə iştirak edən 126 min nəfərdən 97%-dən çoxu özü birbaşa elektron ərizəsini təsdiq edib. Cəmi 2%-dən bir qədər artıq şəxs SQK-ya müraciət edənlərdir. Çox təəssüf ki, bəzi abituriyentlər 15 gün bundan əvvəl sənəd qəbulunun başlanmasına baxmayaraq bu işə məsuliyyətlə yanaşmırlar və ərizənin təsdiq olunmasını son günə saxlayırlar. Bu da bəzən SQK-larda müəyyən sıxlığa səbəb olur.

Lakin Dövlət İmtahan Mərkəzi tərəfindən bu məsələyə də humanist münasibət göstərilir və hazırda SQK-da olan hər kəsin müraciəti qeydiyyata alınaraq növbəlilik prinsipinə uyğun olaraq ərizələrinin təsdiq olunması təmin ediləcək. Bir daha abituriyentlərə təlimatlarla diqqətlə tanış olmağı, tələb olunan qaydaları oxumağı və üzərlərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyi tövsiyə edirik".

Xanlar Xanlarzadə

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər