KOBİA Ağdaş sahibkarları ilə biznesin inkişaf etdirilməsini müzakirə edib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
1news.az KOBİA-ya istinadən xəbər verir ki, görüşdə kənd təsərrüfatı, heyvandarlıq, qida, mebel istesalı və inşaat sektorlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və regionda sahibkarlara dəstək və xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyəti üçün maliyyə resursları, dövlətin güzəştli kreditləri, torpaq təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə qoşulma, yeni bizneslərin yaradılması və bu sahədə rayonun imkanları, sahibkarların məhsul və xidmətlərinin satışına dəstək istiqamətlərində müzakirələr aparılıb.
Görüşdə KOBİA tərəfindən biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, o cümlədən Agentliyin göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Sonra görüşdə iştirak edən sahibkarların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar, xüsusilə də dövlətin biznesin inkişafı üçün mövcud dəstək alətlərindən yararlanmış KOB subyektləri bu mexanizmlərin önəmini vurğulayaraq, dəstək proqramları və təşviqlərin iş adamlarının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər.


