FHN yanğın təhlükəsizliyi ilə əlaqədar müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN yanğın təhlükəsizliyi ilə əlaqədar müraciət edib

13:44 - Bu gün
FHN yanğın təhlükəsizliyi ilə əlaqədar müraciət edib

Son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.

1news.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Müraciətdə qeyd edilib ki, yalnız FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

Nazirlikdən bildirilib ki, həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.

"Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır" - deyə, FHN-nin müraciətində vurğulanıb.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər