Deputat: “Ağdərənin hazırkı mənzərəsi “Böyük qayıdış” proqramının uğurla icrasını təsdiqləyir”

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir".
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O, bildirib ki, bu il də ənənəyə uyğun olaraq Prezident İlham Əliyev azad olunmuş ərazilərimizdən birində - Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırdı.
"Bu prosesdə kənd sakinlərinin də iştirakı “Böyük qayıdış” proqramının uğurla icrasının göstəricisidir. Həsənriz kəndinə də artıq həyat qayıdıb və dövlət başçımız buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Buraya 50 ailə artıq köçüb, yaxın günlərdə daha 40 ailənin köçü, ardınca isə iki mərhələdə 192 evin inşası nəzərdə tutulub. Beləliklə, bütün azad olunmuş ərazilərə qayıdış təmin olunmaqdadır. Cənab Prezidentin söylədiyi kimi, artıq qaçqın-köçkün sözü də yavaş-yavaş lüğətimizdən çıxır.
Tarixi ərazimiz olan Həsənriz kəndi Vətən müharibəsindən 3 il sonra, cəmi bir neçə saat davam edən antiterror əməliyyatları nəticəsində azad olundu. Amma kəndin azad olunmasının təməli 44 günlük savaşda qoyulmuşdu. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qısa müddətdə suverenliyimizi də bərpa edərək missiyanı tam şəkildə yerinə yetirəcək, bununla da bölgədə separatizmin kökü birdəfəlik kəsiləcəkdi. Cənab Prezident sakinlərlə görüş zamanı da bəyan etdi ki, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, “antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi və digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər”".
N.Məmmədova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
"Kəndə köçlə bağlı ümumilikdə 180 ailə - 591 nəfər siyahıya alınıb. 2022-ci ildə cənab Prezident məhz Suqovuşanda Novruz tonqalını qalamışdı və həmin vaxt da bura doğma sakinlərin köçürülməsi üçün şəraitin yaradılması ilə bağlı göstəriş vermişdi. Suqovuşanın bugünkü mənzərəsi qısa müddətdə köçün təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü təsdiqləyir.
Strateji əhəmiyyətə malik olan Suqovuşan 44 günlük savaş zamanı azad olunan ilk kənd idi. Məlum olduğu kimi, həm Suqovuşan, həm də Sərsəng su anbarlarının tikintisinin müəllifi Ulu Öndər olub. İşğal dövründə Ermənistan ekoloji terror həyata keçirərək, su resurslarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Eyni zamanda işğal dövründə Ermənistan bu ərazinin strateji əhəmiyyətindən istifadə edərək kəndin və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr yerləşdirmişdi. Bu mənada dövlət başçımız da bildirdi ki, kəndin azad olunması hərbi nöqteyi-nəzərdən böyük qəhrəmanlıq tələb edirdi və Azərbaycan ordusu bu şərəfli missiyanı böyük fədakarlıqla yerinə yetirdi. Təbii ki, Azərbaycanın tarixi zəfərini şərtləndirən amillər var idi. Müzəffər Ali Baş Komandan da bəyan etdi ki, bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır” deyən Paşinyan bu gün deyir: “Qarabağ Azərbaycandır!”. Bu reallığı Azərbaycan öz gücü, qətiyyəti, ədaləti hesabına yaradıb. Bu gün Ermənistan hər nə qədər güc balansını dəyişməyə can atsa da, bunun nəticəsi olmayacaq. Çünki Azərbaycan postmünaqişə dövründə daha da güclənib və heç bir təzyiq, təhdid bölgədəki mövcud reallığı dəyişə bilməz" - deyə deputat əlavə edib.