Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri həbs olunub

Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov həbs olunub.
1news.az "Report"-a istinadən, xəbər verir ki, Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.