AZAL maydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) maydan etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyini artıracaq.
1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.
Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL Avropa şəhərlərinə həyata keçirdiyi reyslərin tezliyini də artırır. Belə ki, bu aydan həftədə 6 dəfə yerinə yetirilən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər 13 maydan gündəlik olacaq.
Bu aydan həftədə 5 dəfə həyata keçirilən Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslər də mayın əvvəlindən həftədə 6 dəfə, 12 maydan isə gündəlik olacaq.