Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.
AQTA-dan 1news.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.
Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.


