Dövlət başçısı: “Xaricə gedən Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq”

Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib.
"Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq", - deyə o qeyd edib.