“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza dövlət və özəl sektordakı elektron xidmətlərə əlçatanlığı artırmağa davam edir.
2025-ci ildə çoxsaylı elektron xidmətləri özündə birləşdirən “digital.login” vahid giriş platformasına daxilolmaların 35,55 %-i “SİMA İmza” ilə həyata keçirilib. Bu, SİMA rəqəmsal imzanın yaradıldığı 2022-ci illə müqayisədə 118 dəfə artım deməkdir.
Hazırda “digital.login” vahid giriş platformasında 150-dən çox dövlət və özəl qurumun elektron xidmətlərinə SİMA yeni nəsil rəqəmsal imza ilə əlçatanlıq mümkündür.
“SİMA İmza” mobil tətbiqinin endirilmə sayı 4 milyona yaxındır. Yeni nəsil rəqəmsal imza ilə tərəfdaşlıq edən dövlət və özəl qurumların sayı 70-i keçib. Ölkə qanunvericiliyinə edilən müvafiq dəyişiklikdən sonra əmək müqavilələrinin 98 %-ni (2 milyona yaxın şəxs) “SİMA İmza” ilə elektron şəkildə imzalayıb. SİMA ilə həyata keçirilmiş ümumi tranzaksiya sayı isə 36 milyonu ötüb.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Dövlət və özəl sektorda vətəndaşların və qurumların rəqəmsal əməliyyatlarını asanlaşdırır. Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər, fərdi sahibkarlar və hüquqi şəxslər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
“SİMA İmza” istifadə rahatlığı, sürət və təhlükəsizlik baxımından dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəlməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verib. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir.