Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Maldivdə beynəlxalq tədbirdə iştirak edib

Səudiyyə Ərəbistanı Krallığı və Maldivin birgə təşkilatçılığı ilə Maldivdə “Turizm sektorunda korrupsiyaya qarşı mübarizə və şəffaflığın gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilib.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycanın Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanı təmsil edib.
Forumda BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) İcraçı direktoru, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi, 40-dan artıq ölkənin və 10-dan çox beynəlxalq təşkilatın rəhbər şəxsləri də daxil olmaqla 170-dən çox nümayəndə iştirak edib.
İclas çərçivəsində müxtəlif ölkələrdə turizm sektorunda rast gəlinən korrupsiya halları, bu sahədə risklərin erkən müəyyən olunması və qarşısının alınması yolları müzakirə edilib, aidiyyəti qurumların ekspertləri bu sahədəki çətinliklər və uğurlu təcrübələri bölüşüblər. Sessiyalarda etik davranışın təmin olunması üçün institusional çərçivələrin möhkəmləndirilməsi və səmərəli mexanizmlərin tətbiqi zərurəti vurğulanmış, turizm sektorunun transmilli xarakterini nəzərə alaraq beynəlxalq əməkdaşlığın əhəmiyyəti önə çəkilib.
Həmçinin, korrupsiyaya qarşı mübarizədə mövcud alət və mexanizmlər təqdim olunmuş, BMT tərəfindən “Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüs” layihəsi çərçivəsində ölkələrin bu sahədəki irəliləyişlərinin qiymətləndirilməsi və siyasət tövsiyələrinin hazırlanmasına yönəlmiş yanaşmalar iştirakçılara təqdim edilib.
Tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri Nazim Rəcəbov Azərbaycanın turizm sahəsində son illərdə həyata keçirilmiş islahatlar, beynəlxalq əməkdaşlıq tədbirləri, müşahidə olunan korrupsiya hüquqpozmaları və bu hallarla bağlı Baş İdarədə aparılmış ibtidai araşdırmaların xüsusiyyətləri barədə məlumat verib.
O, həmçinin korrupsiya risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi mexanizmləri, eləcə də 2022–2026-cı illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı” çərçivəsində görülmüş preventiv tədbirlər haqqında geniş təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Nazim Rəcəbov Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Nəzarət və Antikorrupsiya Qurumu, Malayziya Antikorrupsiya Komissiyası, Maldiv Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyası və Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya qarşı Müstəqil Komissiyasından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə hüquqi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


