Azərbaycan ilk dəfə bu il “Cannes Lion” festivalında jüri səviyyəsində təmsil olunacaq! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ilk dəfə bu il “Cannes Lion” festivalında jüri səviyyəsində təmsil olunacaq!

15:15 - Bu gün
Azərbaycan ilk dəfə bu il “Cannes Lion” festivalında jüri səviyyəsində təmsil olunacaq!

"Endorphin" agentliyinin yaradıcısı Orxan Kərim 2025-ci ildə keçiriləcək "Cannes Lions" Beynəlxalq Yaradıcılıq Festivalında Azərbaycanın təmsilçisi kimi münsiflər heyətinin üzvü seçilib.

O, festivalın "Direct Lions" kateqoriyasında yaradıcı ideyaların qiymətləndirilməsində iştirak edəcək. Bu, həm Orxan Kərimin şəxsi karyerası, həm də Azərbaycanın yaradıcı sektoru üçün böyük bir üstünlükdür.

Qeyd edək ki, "Cannes Lion" festivalı 1954-cü ildən bəri keçirilən və yaradıcı sektorda dünyanın ən nüfuzlu tədbirlərindən biridir. Hər il qlobal reklam və marketinq dünyasının ən yaxşılarını bir yerə toplayaraq yaradıcı düşüncəni, innovativ ideyaları və strateji kampaniyaları önə çıxarır. "Cannes Lion" jüri heyəti hər il dünyanın müxtəlif ölkələrindən seçilən ən yaxşı yaradıcı liderlərdən ibarət olur. Bu ilin jüri heyətində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada və Asiyanın müxtəlif ölkələrindən, o cümlədən Yaponiyadan, Hindistandan və Koreyadan yaradıcılar yer alır. Bu ölkələr arasında Azərbaycanın ilk dəfə olması qürurverici və ilhamlandırıcıdır.

Orxan Kərim bu xəbər ilə bağlı deyib:

Azərbaycanın yaradıcı səsi artıq qlobal söhbətin bir hissəsidir. Mən 2025-ci ilin yaradıcı standartlarını formalaşdıracaq ideyaların seçimində iştirak edəcəyim üçün qürur duyuram.

O, həmçinin bu təyinatın yalnız şəxsi karyerası üçün deyil, Azərbaycanın yaradıcı sektoru üçün də böyük bir şans olduğunu vurğulayıb.

Nəzərinizə çatdıraq ki, Orxan Kərim indiyə qədər Azərbaycanın yaradıcı sektorunun inkişafını dəstəkləmək üçün bir çox önəmli tədbirlər təşkil edib. Bunlardan biri də 2025-ci ilin 2 və 3 may tarixlərində keçirilən "Baku Flames" Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalıdır. Bu festival Azərbaycanda ilk dəfə keçirilən yüksək səviyyəli yaradıcı tədbir olaraq həm yerli, həm də beynəlxalq marketinq və yaradıcı sektor liderlərini bir yerə yığdı. Festivalda dünyanın müxtəlif ölkələrindən çoxsaylı əhəmiyyətli spiker iştirak etdilər, öz təcrübələrini və fikirlərini qonaqlarla bölüşdülər. Bu tədbir Azərbaycan marketinq sektoru üçün yeni bir səhifə açaraq ölkə daxilində böyük bir maraq doğurdu.

"Cannes Lion" festivalı haqqında daha ətraflı: https://www.canneslions.com/

Builki jüri heyəti ilə tanış olmaq üçün: https://www.canneslions.com/awards/jury

"Baku Flames" haqqında daha ətraflı: https://www.bakuflames.az

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər