Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı! - FOTO

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi təşkil olunub.
Görüşdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan nümayəndələr iştirak edərək ürək cərrahiyyəsinin tarixi və indiki vəziyyəti ilə bağlı mövzuları müzakirə ediblər.
Tədbirin moderatoru, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Prof. Dr. Kamran Musayev bildirib ki, toplantının məqsədi türk ölkələrində ürək-damar cərrahiyyəsinin hazırkı vəziyyətini müzakirə etmək, mütəxəssislərə bilgi və təcrübələrini bölüşmək üçün şərait yaratmaq, eləcə də əlaqələri daha da möhkəmləndirməkdir.
Konfransda elmi məruzələr dinlənilib, əməkdaşlıq imkanları müzakirə olunub və gələcək layihələr üçün əsas istiqamətlər müəyyənləşdirilib.
Qeyd edək ki, dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə keçirilən konqresin əsas məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq, tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etmək olub. “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqres iştirakçıları 20 DTT balı əldə edib.











