Xırdalanda yanğın təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda yanğın təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO

16:11 - Bu gün
Xırdalanda yanğın təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Yoxlama nəticəsində aşkar edilən nöqsanlar

1news.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə edilir; ⁠

- obyektin xarici və daxili divarları yanar üzlük materialları ilə üzlənilib;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sığorta olunmayıb.

Yanğın təhlükəsizliyi qaydalarının pozulması

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Fəaliyyətin dayandırılması qərarı

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş uşaq əyləncə mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər