“Konstitusiya və Suverenlik İli” çərçivəsində ADDA-da seminar keçirilib - FOTO

“Konstitusiya və Suverenlik İli” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) seminar keçirilib.
1news.az xəbər verir ki, Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra çıxış edən ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində ASCO-da keçirilən tədbirlərdən danışıb. O, bugünki görüşün də həmin tədbirlərdən biri olduğunu və Milli Məclis sədrinin müavini, tarix elmləri doktoru, professor Musa Qasımlının görüşdə iştirakının gənclərin maariflənməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov çıxışında vətənpərvərlik ruhunda yetişən, milli dəyərlərə bağlı gənclərin formalaşdırılmasının akademiyanın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Prorektor əlavə edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin davamlı təşkili daim diqətdə saxlanılır.
Daha sonra çıxış edən akademik Musa Qasımlı 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O xüsusilə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqlara əsaslanan uzaqgörən siyasət yürüdüb. Bu siyasət nəticəsində Azərbaycanın hüquqi və siyasi əsasları möhkəmləndirilib.
Millət vəkili Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin bu il 30-cu ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Konstitusiyada dövlətimizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər, sosial təminatlar kimi mühüm müddəalar əksini tapıb.
O, çıxışında hazırda Ümummilli Liderin siyasi irsini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərdən də danışıb. Bu il Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünün qeyd edildiyini deyən millət vəkili, dövlət başçısının Konstitusiyamızda təsbit edilmiş ali niyyətləri reallığa çevirdiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu vurğulayıb.
Millət vəkili həmçinin milli dənizçi kadrlarının formalaşdırılmasının Ulu Öndərin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib və qeyd edib ki, bu gün Azərbaycana məxsus gəmilərdə çalışan dənizçilər ölkəmizi beynəlxalq sularda ləyaqətlə təmsil edirlər.
İnteraktiv şəkildə keçən görüşdə tələbələr konstitusiya quruculuğu, dövlət maraqlarının müdafiəsi və hüquqi suverenliyin təmini ilə bağlı qonağa öz suallarını ünvanlayıblar.

















