Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib

16:22 - 03 / 06 / 2025
Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib

İyunun 3-də Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, birliyə üzv digər ölkələrdən rəsmilər, mədəniyyət və elm xadimləri, media mənsubları iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

Bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri birliyin "mədəniyyət paytaxtı" elan edilib. "Paytaxt ili" ilə bağlı geniş tədbirlər planı hazırlanıb: "Bu qərar bizim üçün böyük sosial-mədəni əhəmiyyət kəsb edir və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesində beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin bariz təzahürüdür".

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə işğal zamanı dağıdılıb talan edilmiş tarixi-mədəni irsin bərpası da diqqətdə saxlanılır.

MDB baş katibinin müavini Nurlan Seytimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış ediblər.

Mixail Şvıdkoy Laçın şəhərinin MDB-nin "mədəniyyət paytaxtı" elan olunması ilə bağlı sertifikatı Məsim Məmmədova təqdim edib.

Sonra Laçın rayonu ilə bağlı videoçarx nümayiş etdirilib.

Videomaterialda Laçının işğal zamanı məruz qaldığı dağıntıların görüntüləri, həmçinin işğaldan azad olunduqdan sonra rayonda həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən kadrlar yer alıb.

Açılış mərasiminin sonunda musiqi nömrələri təqdim olunub.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər