İranın sonuncu şahının nəvəsi yəhudi ilə ailə həyatı qurdu - FOTO

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin nəvəsi İman Pəhləvi ailə həyatı qurub.
1news.az xəbər verir ki, o, yəhudi əsilli amerikalı biznesmen Bredli Şermanla Parisdə keçirilən toy mərasimində evlənib.
Toy barədə məlumat Pəhləvi ailəsinin "Instagram"dakı rəsmi səhifəsində yayılıb. Bildirilib ki, nikah ənənəvi İran adəti olan sofre-ye əqd mərasimi ilə həyata keçirilib. Fars mədəniyyətində bu ayin firavanlıq, bərəkət, sevgi və birgə həyatın işığını simvolizə edən xüsusi nikah mərasimidir. Mərasimdə Məhəmmədrza Pəhləvinin arvadı Fərəh Pəhləvi, eləcə də ailənin yaxın dostları və qohumları iştirak ediblər.
Paris mərasimi cütlüyün Nyu-York şəhərindəki bələdiyyə qeydiyyat idarəsində qeyri-rəsmi nikah bağlamasından təxminən bir ay sonra baş tutub. Qeyd olunur ki, şahzadə və onun sevdiyi şəxs artıq 4 ildir münasibətdədir. Məlumat The Jewish Chronicle nəşrinə istinadla yayılıb.
Bredli Şerman hazırda kommersiya məqsədli yükdaşıma dronları sahəsində ixtisaslaşan Matternet adlı şirkətdə tərəfdaşlıqlar üzrə rəhbər vəzifəsində çalışır.
Sosial şəbəkələrdə yayılan toy görüntülərində İman Pəhləvi və Bredli Şermanın ənənəvi yəhudi toy rəqsi olan xore zamanı stullarda qaldırıldığı əks olunub. Bu rəqs sevincin, birlik və həmrəyliyin simvolu hesab olunur.