Media nümayəndələri Laçında istifadəyə verilən Zabuxçay su anbarı ilə tanış olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Media nümayəndələri Laçında istifadəyə verilən Zabuxçay su anbarı ilə tanış olublar - FOTO

15:12 - Bu gün
Media nümayəndələri Laçında istifadəyə verilən Zabuxçay su anbarı ilə tanış olublar - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Laçında Zabuxçay su anbarına mediatur təşkil edib.

1news.az xəbər verir ki, mediaturda görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, su və meliorasiya sahəsində də yenidənqurma, bərpa və sonrakı mərhələlərdə dayanıqlı inkişafa nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilmiş, lazımi tədbirlər görülmüş və görülməkdə davam etdirilir.
O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində həyata keçirilən “Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində bir sıra işlər görülüb.

“Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon m³ olan Zabuxçay su anbarı və ondan qidalanan 51,6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa edilib. Zabuxçay su anbarının texniki göstəricilərinə nəzər saldıqda, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, bəndin üstdən eni isə 10 metr təşkil edir.

Su anbarının tikintisi zamanı bir sıra mühüm işlər həyata keçirilib. Belə ki, Güləbird SES-ə aid 1,2 km-lik derivasiya boru xətti, su anbarı bəndi və qəza sutullayıcısı tikilib, xidməti bina və ətraf infrastrukturlar tam şəkildə qurulub”.
Qurum rəsmisi deyib ki, magistral boru kəməri də bu layihənin mühüm tərkib hissəsidir.
“Boru xəttinin ümumi uzunluğu 51 600 metrdir və bu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının ümumilikdə 12 100 hektar əkin sahəsinə su çatdırır. Su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 m³ təşkil edir. Kəmər yüksək təzyiqli çiləyici və damcılı suvarma sistemləri üçün nəzərdə tutulub və qapalı suvarma boru sisteminə əsaslanır.

Layihənin praktiki nəticələri artıq özünü göstərməkdədir. Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib.
Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, əhalinin rifahının yüksəldilməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından da əhəmiyyətli töhfə verir”.

Media nümayəndələri görülən işlərlə əyani tanış olub. Sonda xatirə şəkli çəkdirilib.

Foto: Nadir İbrahimli

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər