AZSTAND Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən media nümayəndələri üçün maarifləndirici seminar keçirilib. Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminarda 40-a yaxın media mənsubu iştirak edib.
1news.az xəbər verir ki, seminar media nümayəndələrini standartlaşdırma fəaliyyəti ilə daha yaxından tanış etmək, dövlət standartlarının işlənib hazırlanması, qəbul olunması və tətbiqi mexanizmləri barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub.
Tədbirdə AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə açılış nitqi ilə çıxış edib. AZSTAND-ın fəaliyyətinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, istehlakçı hüquqlarının etibarlı müdafiəsi və ixrac potensialının artırılmasına istiqamətləndiyi qeyd olunub. Həmçinin İnstitutun milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması ilə rəqabətqabiliyyətliliyin gücləndirilməsi və davamlı iqtisadi inkişafın təmin edilməsinə hədəflənən tədbirləri vurğulanıb.
Daha sonra AZSTAND nümayəndələri ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və korporativ idarəetmə sahələrində tətbiq olunan standartlar, eləcə də süni intellekt texnologiyaları üzrə standartlara dair təqdimatlarla çıxış ediblər. Tədbir iştirakçıları standartların müasir tələblərə uyğunlaşdırılması və tətbiqinin praktiki əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.
Seminarın sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.





