ADY və Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq sazişi imzalanıb

İyunun 24-də “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Turizm Bürosu (ATB) arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
ADY-dən 1news.az-a verilən məlumata görə, Sazişi ATB tərəfindən İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, ADY tərəfindən isə sədr müavini Arif Ağayev imzalayıb.
Saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Əməkdaşlıq həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir.
ADY sədrinin müavini Arif Ağayev bildirib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. O, həmçinin əməkdaşlığın regionlarda turizmin əlçatanlığını artıracağını, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndiriləcəyini və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyini vurğulayıb.