“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

Qafar Ağayev15:52 - Bu gün
“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumunda iştirak edib.

1news.az xəbər verir ki, Ceyhun Salmanov iştirakçı dövlətlərin nazirlərinin qatıldığı dəyirmi masa müzakirələrində ölkəmizin dövlət xidmətləri sahəsindəki uğurları və “ASAN xidmət” modeli barədə ətraflı məlumat verib.

Ölkəmizdə dövlət xidmətlərində tətbiq edilən innovasiyalar, “ASAN xidmət”in inkişaf yolu, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının önəmi və fərqli texnoloji həllər beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Bosniya və Herseqovina, Cibuti Respublikası, Solomon Adaları, Mali Respublikası və Namibiya Respublikasının müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında görüşlər keçirilib, mümkün əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə dair geniş müzakirələr aparılıb.

Bununla yanaşı “Yeni nəsil dövlət xidmətləri: vətəndaş yönümlü yeniliklər, texnologiyalar və həllər”, eləcə də “2030-cu ilə 5 il: dayanıqlı gələcək üçün dövlət xidmətlərinin sürətləndirilməsi” adlı vorkşoplarda ölkəmizin və “ASAN xidmət” brendinin uğurları iştirakçıların nəzərinə çatdırılıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər