GOC rəhbəri Vəfa Məmmədovanın iddialarına cavab verdi: Məhkəmə iddiası qaldırılacaq

”Son günlərdə sosial mediada və bəzi qapalı platformalarda GOC-un təşkil etdiyi beynəlxalq olimpiada və yarışlar ilə bağlı əsassız, qərəzli və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayılması təəssüf doğurur”.
1news.az xəbər ki, bu barədə Bu barədə “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə mətbuat konfransında deyib.
O, bildirib ki, kampaniyanın başlıca iştirakçılarından biri olan Vəfa Məmmədova adlı valideyn tərəfindən yayılan iddialar təkcə hüquqi baxımdan deyil, eyni zamanda əxlaqi və peşəkar baxımdan da qəbuledilməzdir.
“Sözügedən valideyn iddia edir ki, övladı üçün 5000 AZN ödəniş edib və bu ödəniş qarşılığında qeyri-müəyyən, beynəlxalq statusu olmayan bir tədbirdə iştiraka cəlb edilib. Əvvəla qeyd edilməlidir ki, Vəfa Məmmədova 13 may 2025-ci il tarixində GOC ilə rəsmi müqavilə imzalayıb. Həmin müqavilədə iştirakın tam şərtləri, təqdim olunan xidmətlər və ödəniş detalları açıq şəkildə qeyd olunub. Valideyn müqavilə ilə razılaşaraq, qəyyum statusu ilə səfərə qatılıb və imzası ilə bu razılığı təsdiqləyib.
Müqaviləyə əsasən valideyn üçün nəzərdə tutulan xidmətlərə təyyarə bileti, oteldə yerləşmə, gündəlik qidalanma, şəhər turları və beynəlxalq tədbirdə iştirak hüququ daxildir. Bu xidmətlər paketi üçün valideynlərə əvvəldən 1600 ABŞ dolları, şagirdlər üçün isə medal nəticələrindən asılı olaraq 1650–1700 ABŞ dolları aralığında rəsmi ödəniş təklif olunub. Bu məlumat valideynlərə həm yazılı, həm də şəxsən keçirilmiş görüşlərdə dəfələrlə izah edilib.
Ölkə mərhələsində qızıl, gümüş və bürünc medal qazanan şagirdlərin valideynləri ilə keçirilmiş məlumatlandırıcı görüşlərdə final mərhələsinə keçid və iştirak şərtləri ətraflı şəkildə izah olunub. Həmçinin, 03 iyun tarixində Özsüt restoranında təşkil edilmiş açıq süfrəli yığıncaqda səfər və tədbirlə bağlı bütün təşkilati detallar şifahi və yazılı formada iştirakçılara açıqlanıb, tərəfləri maraqlandıran suallar şirkətin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Final mərhələsi 13 iyun tarixində Dubay şəhərində başlamalı idi. Lakin həmin dövrdə İran və İsrail arasında baş vermiş regional gərginlik səbəbindən Azərbaycan komandasının yarışda iştirakı təhlükə altına düşmüşdür. Bakı-Dubay və Bakı-Abu-Dabi reysləri qeyri-müəyyən taxirə təxirə salındığından azərbaycanlı gənclərin bilik yarışmasının qlobal mərhəsində istirakı sual altında qalmışdı. Belə fors-major vəziyyətində məktəblililərimizin bilik yarışmasında iştirak həsini, onların motivasiyasını, biliklərini nümayiş etdirmək arzularını nəzərə alaraq, GOC təşkilatçı tərəflərlə danışıqlar aparmış, böyük səylər nəticəsində imtahanın Azərbaycan komandası üçün 15 iyun tarixində keçirilməsi razılaşdırılmışdır. Lakin komandamızın artan İsrail-İran gərginliyi səbəbindən gecikməsi səbəbilə, 16 iyun tarixində Heriot-Watt Universitetində — Dubaydakı nüfuzlu Britaniya universitetinin rəsmi kampusunda — müstəqil şəraitdə imtahan keçirilməsi üçün razılıq əldə edilmişdir (15 iyunda tarixində imtahan verən ölkələrin etirazına baxmayaraq).
İmtahan 16 iyun saat 12:00-da baş tutmuş, həmin gün saat 18:00-da mükafatlandırma mərasimi təşkil edilmişdir. İştirakçılara medal, sertifikat və qiymətləndirmə nəticələri təqdim olunmuş, apellyasiya prosesi keçirilmiş və maksimum bal toplayan şagirdlər üçün əlavə yazılı imtahan mərhələsi də təşkil olunmuşdur. Yəni, yarış tam olaraq akademik və təşkilati baxımdan beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilmişdir.
Bundan əlavə, imtahandan sonra əvvəlcədən vəd olunduğu kimi şagirdlər üçün müxtəlif mədəni turlar və ekskursiyalar həyata keçirilmişdir. 17 iyun tarixində baş vermiş təyyarə reysi dəyişikliyi zamanı WizAir şirkəti bilet tarixini dəyişmiş, GOC isə öz hesabına şagirdlər üçün yeni hava yolları ilə bilet təmin etmiş, onların təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmişdir. Bu, valideynlərə əlavə ödənişsiz təqdim olunmuş, məsuliyyət tam şəkildə GOC tərəfindən qarşılanmışdır.
Yuxarıda qeyd olunan faktlar göstərir ki, tədbir hüquqi, təşkilati və beynəlxalq səviyyədə tam qanuni şəkildə keçirilmiş, iştirakçılara və valideynlərə qarşı heç bir məsuliyyətsizlik və ya pozuntu olmamışdır. GOC direktoru deyib ki, Vəfa Məmmədova tərəfindən yayılan “feyk, saxta olimpiada”, “şəffaf olmayan ödənişlər”, “aldadılma” kimi iddialar tamamilə əsassızdır və GOC-un nüfuzuna və əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlara qarşı məqsədli atılmış böhtan xarakteri daşıyır.
“Qeyd etmək istərdik ki, beynəlxalq tədbir olması üçün minimal şərt 2 və ya daha çox ölkənin iştirakı tələb olunur. FISO 2025 yarışında isə 16 ölkə təmsil olunub və bu tədbir dünya üzrə 40-a yaxın ölkədə tanınan və keçirilən beynəlxalq yarışmadır.
GOC olaraq biz daim şəffaf, məsuliyyətli və qanunlara uyğun fəaliyyət göstərmişik. Lakin bu hal açıq şəkildə göstərir ki, artıq məqsədli şəkildə quruma qarşı etibar və reputasiya pozucu fəaliyyət həyata keçirilir. Bu səbəbdən, GOC-un hüquqi maraqlarını qorumaq, yayılan qərəzli və böhtan xarakterli məlumatların rəsmi qaydada və obyektib araşdırılması məqsədilə Vəfa Məmmədova barəsində məhkəmə iddiası qaldırılacaqdır. Yayılan yalan məlumatlar, böhtan xarakterli ittihamlar və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş hərəkətlər hüquq çərçivəsində araşdırılacaq və hüquq qarşısında məsuliyyət təmin ediləcək”.
“GOC olaraq daim dövlətimizin və xalqımızın maraqlarına, övladlarımıza və gələcəyimizə xidmət etmək amalındayıq. Bu yolda qarşılaşdığımız haqsız hücumlara qarşı da dövlətimizin və xalqımızın sevgi və etimadına söykənərək hüquqi və ictimai cavabımızın qətiyyətli olacağını bəyan edirik” - deyə o, əlavə edib.