Ayxan Hacızadə: İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayxan Hacızadə: İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik

Qafar Ağayev13:24 - Bu gün
Ayxan Hacızadə: İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, səfirin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində sənədin açıq niyyətini təhrif etməsi təəccüb və qəzəb doğurur:

"Əgər Mehdi Sobhani İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən “İndiki Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan əlavə, qətnamə digər məsələlər yanaşı, Ermənistanın İcmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır".

A.Hacızadə deyib ki, səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil olunmuş İranın mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir:

"Mehdi Sobhaninin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək".

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər