Qohum nikahlarının qarşısı necə alınacaq? - Nazirlik açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qohum nikahlarının qarşısı necə alınacaq? - Nazirlik açıqladı

Qafar Ağayev15:59 - Bu gün
Qohum nikahlarının qarşısı necə alınacaq? - Nazirlik açıqladı

Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib.

1news.az xəbər verir ki, nazirlik bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilir.

Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlama

Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

Sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər

Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.

Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq".

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər