FHN: Avtomobildə sıxılı qalan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BYD” markalı sərnişin avtobusu ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Qazel” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Məmmədov Etibar Qasım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.