Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.
İyulun 14-də səhər saatlarında Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən ilk köç karvanı doğma yurda çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə ilk mərhələdə 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
09:01
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.








