Bakı və Abşeronda oğurluq edən 3 şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində yerləşən avtoservislərin birində oğurluq hadisəsi qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, avtoservisdə çalışan ustanın çantasından 5000 manat pul vəsaiti oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı F.Kamallı müəyyən olunaraq saxlanılıb.
Nizami rayonu ərazisində isə qeydə alınan oğurluq hadisəsi zamanı ticarət mərkəzlərinin birindən 525 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Kərimova da saxlanılıb.
Bundan başqa, Abşeron rayonunda vətəndaşın itirdiyi bank kartından 3014 manatını oğurlamaqda şübhəli bilinən 24 yaşlı İ.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.