İyul ayı ərzində Azərbaycanda müşahidə olunan hava açıqlanıb

2025-ci ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-5.3 dərəcə), 4 gün isə normadan aşağı (0.2-2.4 dərəcə) olub.
1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
İyul ayının orta aylıq temperaturu 28.0 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yüksəkdir.
Onun sözlərinə görə iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu isə iyulun 10-da Bakıda və Abşeron yarımadasında 18.7 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4.8 dərəcə isti (Şahdağ) qeydə alınıb.
“İyul ayının əsasən birinci ongünlüyündə əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı 25.6 mm), Bakı və Abşeron yarımadasına (Bakı 9.6 mm) düşüb.”
N. Mahmudov qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 19 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.