Kaliforniyada meşə yanğınları: 330 kvadratkilometrdən çox ərazi külə dönüb

ABŞ-ın Kaliforniya ştatında baş vermiş meşə yanğınları nəticəsində 330 kvadratkilometrdən çox ərazi yanaraq məhv olub.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Santa Barbara və San Luis Obispo bölgələrində avqustun 1-də başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğınlarla Mübarizə Departamentinin yaydığı məlumatda bildirilir ki, "Gifford" adı verilən yanğın hələlik yalnız 9 faiz səviyyəsində nəzarət altına alınıb.
NBC News-un məlumatına görə, ən azı dörd kiçik yanğının birləşməsi nəticəsində genişlənən alovlara 1900-dən çox yanğınsöndürən müdaxilə edir. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 870-dən artıq bina isə yanğın təhlükəsi altındadır.
Yanğının səbəbi araşdırılır.