Niyə özümüzü “azəri” olaraq təqdim etməməliyik? – Tarixçi və baş redaktordan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Niyə özümüzü “azəri” olaraq təqdim etməməliyik? – Tarixçi və baş redaktordan ŞƏRH

Qafar Ağayev10:57 - Bu gün
Niyə özümüzü “azəri” olaraq təqdim etməməliyik? – Tarixçi və baş redaktordan ŞƏRH

Azərbaycan vətəndaşlarının, azərbaycanlıların “azəri” kimi təqdim olunması hər zaman geniş müzakirələrə səbəb olub.

Bəziləri bu ifadənin istifadəsinin milli kimliyimiz üçün zərərli olduğunu düşünsə də, digərləri “azəri” sözünün işlədilməsini normal sayır. Tanınmış müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist Murad Arif də “azəri” ifadəsinin tərəfdarlarından biridir.

Onun fikrincə, bu ifadə məişətdə və poeziyada işlək bir forma kimi meydana gəlib və onun ətrafında aqressiv müzakirələrin aparılması yersizdir:

“Bütün dünya ölkələrinin əhalisinə qısaldılmış şəkildə xitab edilir. Finlandiyalıya ‘fin’, ispaniyalıya ‘ispan’, fransalıya ‘fransız’, latviyalıya ‘lat’ dediyimiz kimi, təbii ki, azərbaycanlıya da qısa bir xitab forması yaranıb və bu söz məişətdə, poeziyada geniş istifadə olunur.

Di gəl ki, biz ‘azəri’ kəlməsinə qarşı çox aqressivik. ‘Azəri – İranda tayfa adıdır’ deyənləri müzakirəyə çağırıram. Hansı mənbələrdə bu iddia yer alıb?

“Azəri”, “azər” – bu sözlər elə bizi ehtiva edir, dostlar. Bu terminlər "odərləri" kimi qədim mənşəyə malik anlayışlardır.

Mən milliyyətcə türkəm. Amma türklü, talışlı, tatlı, ləzgili, udinli – hamımız azərbaycanlıyıq. Bu sözün məişətdə işlək, ixtisar olunmuş forması da zamanla yaranıb. Bu, mübahisə və qarşıdurma mövzusu olmamalıdır. Azəri torpağının hamımız övladıyıq” - deyə sənətçi fikrini əsaslandırıb.

Məsələ ilə bağlı tarixçi Elnur Nəciyev və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikirlərini öyrənməyə çalışdıq.

Elnur Nəciyev

1news.az-a danışan tarixçi Elnur Nəciyev deyib ki, bu məsələ ətrafında bitmək bilməyən müzakirələr uzun müddətdir var.

““Azəri” ifadəsini müdafiə edənlər bu anlayışı əsaslandırmaq üçün müxtəlif dövrlərdən sübutlar toplamağa çalışırlar. Lakin ən yaxşı halda arqumentlərini yalnız XX əsrə aid nümunələrlə məhdudlaşdırırlar. Halbuki biz azərbaycanlıyıq və “azəri” ifadəsi nə etnik, nə də tarixi baxımdan doğrudur.

Əgər belə olmasaydı, XIX əsrin ikinci yarısından etibarən Azərbaycan mütəfəkkirləri Qafqaz müsəlmanlarının kimliyini “azərbaycanlı-türk”, dilini isə “Azərbaycan-türk dili” kimi təqdim etməyi təklif etməzdilər (Məhəmməd ağa Şahtaxtlı). Firudin bəy Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” adlı ilk kitabı işıq üzü görməzdi.

Ədəbiyyat və publisistikada “türk milləti”, “azərbaycanlı” (məsələn, “Kəşkül” qəzetində), “Azərbaycan türkləri” (Əli bəy Hüseynzadə), “Azərbaycan sadə türkcəsilə” (Üzeyir Hacıbəyli), “Azərbaycan (türk) arvadları” (Yusif Vəzir Çəmənzəminli), “Türk Azərbaycan qəzeti”, “azərbaycanlı-türk”, “Cənubi Azərbaycan” (Məhəmməd Əmin Rəsulzadə) kimi ifadələrin işlədilməsi bu kimliyin nə qədər dərin tarixi köklərə malik olduğunu sübut edir.

“Azəri” ifadəsini isə daha çox iranlı tarixçi Əhməd Kəsrəvi və onun kimi düşünənlər təbliğ edib. Onlar 1828-ci il Türkmənçay müqaviləsindən sonra iki yerə bölünmüş Azərbaycanın tarixi birliyini inkar etməyə, şimal və cənub bölgələrinin etnik baxımdan fərqli olduğunu sübut etməyə çalışıblar.

Bu məsələyə dərindən getmək niyyətində deyiləm. Lakin bir həqiqət var: bu millətin adı var – azərbaycanlı. Bu ad təkcə Azərbaycan türklərini deyil, bu torpaqda yaşayan bütün xalqları bir bayraq altında birləşdirir. Biz azərbaycanlı türklərik, amma dövlətimizi və tariximizi paylaşan digər xalqlara da sahib çıxırıq. “Azərbaycanlıyam” ifadəsini qürurla işlədirik”.

Aqil Camal​​​​

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə 1news.az-ın suallarını cavablandırarkən bildirib ki, Azərbaycanda milli kimlik və dilin adı kimi məsələlərin zaman-zaman süni şəkildə gündəmə gətirilməsi təsadüfi görünmür:

“Diqqət etsək, bu mövzuları yerli-yersiz qabardanların əksəriyyəti etnik kökəncə türk olmayan şəxslərdir. Çünki bir etnik türk durub deməz ki, gəlin mənim Tanrıdan gələn etnik kimliyimin adını dəyişək və ya dilimin adını təhrif edək.

Aydın şəkildə görünür ki, bu iddialarla əsasən İranın ölkəmizdəki təsir agentləri və sosial şəbəkələrdəki trollar çıxış edirlər.

Bəzən isə bu kimi həssas mövzulardan istifadə edərək gündəmə gəlmək və ictimai reaksiyanı cəlb etmək istəyənlər olur. Onlar yaxşı bilirlər ki, bu reaksiyalar əsasən təpki şəklində olacaq. Amma buna baxmayaraq, məqsədləri gündəmdə qalmaq və medianın diqqətini çəkməkdir.

Halbuki bu gün Azərbaycan xalqının qarşısında daha vacib məsələlər dayanır: işğaldan azad olunmuş Qarabağın dirçəldilməsi, Böyük Qayıdışın təmin olunması, Zəngəzur dəhlizinin açılması və Prezident İlham Əliyev tərəfindən əsas prioritet kimi elan olunmuş türk dövlətləri birliyinin gücləndirilməsi.

“Azəri” ifadəsinə gəlincə, bu söz bəzi mənbələrdə “Azərbaycan” sözünün qısaldılmış forması kimi işlədilir – məsələn, “azəri türkləri”, “azəri yurdu” və s.

Lakin bu sözün müasir dövrdə ictimai qıcıq doğurmasının əsas səbəbi Azərbaycan türklərinə öz türklük kimliyindən kənar, süni bir etnik ad verilməsi cəhdidir. Xüsusilə də, “azəri” sözünün sonundakı “-i” şəkilçisinin fars mənşəli olması bu narahatlığı daha da artırır.

Belə olan halda haqlı sual ortaya çıxır: əgər “azərbaycanlı” sözünü qısaltmaq istəyiriksə, niyə “azər” yox, məhz “azəri” işlədilməlidir?

Azərbaycanda milli kimliyin adı və mənşəyi ilə bağlı hər şey kifayət qədər aydındır. Ölkə əhalisinin 90 faizindən çoxunu təşkil edən Oğuz türkü olan Azərbaycan türkləri və qalan 10 faiz azsaylı xalqlar əsrlərdir bu torpaqda dostluq və qardaşlıq şəraitində birgə yaşayırlar”.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər