Balabəydən Üzeyir Mehdizadəyədək - Süni intellektlə mahnılara yeni nəfəs verən By Rahmanlı ilə səmimi MÜSAHİBƏ
Süni intellekt artıq həyatımızın hər sahəsinə daxil olub.
Musiqi dünyasında da onun təsirini aydın hiss etmək mümkündür. Bu sahədə süni intellektdən istifadə edənlərdən biri də Elgün Rəhmanlıdır. Əgər sosial şəbəkədə aktivsinizsə, “Şeir dedim, qəzəl dedim, gəlmədin” və ya “Naz elə, mənə naz elə” kimi mahnılar artıq sizə tanışdır. Bu mahnılar milyonlarla izləyici və bəyənmə toplayan böyük bir trendlə çevrilib və onların qadın səsi ilə ifa edilməsi ideyası “By Rahmanlı”ya məxsusdur.
Gəlin “By Rahmanlı” kimi tanıdığımız Elgün Rəhmanlının 1news.az-a verdiyi müsahibə ilə yaxından tanış olaq.
- Bir az özünüz haqqında danışaq. Peşəniz nədir? Musiqi təhsili almısınızmı?
- Mən Elgün Rəhmanlı, peşəkar fəaliyyətim əsasən videoqrafiya və fotoqrafiya sahəsidir. Musiqi üzrə rəsmi təhsilim olmasa da, uzun illər sənətçi dostlarımın arasında fəaliyyət göstərdiyim üçün musiqi mühitinə yaxından bağlı olmuşam. Bu mühit zamanla məndə xüsusi bir musiqi duyumu formalaşdırıb.
Musiqiyə olan həvəsimin kökləri isə daha dərindir. Rəhmətlik babam - şair Əsgər Eyvazoğlu mənim üçün böyük ilham mənbəyidir. Uşaqlıqda onu görməsəm də, onun ifa etdiyi saz havalarını, oxuduğu mahnıları və şeirlərini çox dinləmişəm. Ola bilsin ki, məhz bu poetik və musiqili mühit mənim musiqiyə olan marağımın və daxili zövqümün əsasını təşkil edib.
Bu gün yaratdığım musiqi layihələrində həm vizual təcrübəm, həm də babamdan gələn o dərin musiqi duyumu birləşərək mənim üçün özünəməxsus bir yaradıcı dünyaya çevrilir.
- Süni intellektdən istifadə edərək mahnılar yaratmağa necə qərar verdiniz? Layihəyə hansı mahnı ilə başladınız və niyə məhz onu seçdiniz? Ümumiyyətlə, mahnıları necə seçirsiniz?
- Uzun illərdir süni intellektlə müxtəlif kreativ işlər görürəm və bu texnologiyanın musiqi sahəsində istifadəsini böyük maraqla gözləyirdim. Bu layihəyə kollektiv şəkildə başladıq və mahnıların daha yaxşı nəticə verməsi üçün bir neçə müxtəlif proqramdan istifadə edirik.
İlk layihəmiz musiqisi Səid Rüstəmov, sözləri Tələt Əyyubova məxsus olan “Hardasan Yar” oldu. Bu mahnını seçməyimizin səbəbi onun uzun illər insanların yaddaşında qalan, emosional dəyəri yüksək melodiyaya sahib olmasıdır. Ümumiyyətlə, layihə üçün seçdiyimiz mahnılar həm nostalji yaradan, həm də dinləyicidə xoş, bəzən də kədərlə qarışıq hisslər oyadan klassik melodiyalardır.
- Niyə məhz “Psychedelic Rock” janrını seçdiniz?
- “Psychedelic Rock” mənim üçün emosional dərinlik, eksperimental səslənmə və geniş atmosfer yaratmaq imkanları ilə seçilir. “Reverb”lə zəngin vokallar, “vintage” orqanlar, distorsiyalı gitara və ambient strukturlar mahnılara xüsusi mistik aura verir. Anadolu və Şərq motivlərini bu janrla birləşdirmək isə həm nostalji, həm də modern hiss yaradır. Buna görə də hissləri daha təsirli şəkildə çatdırmaq üçün məhz bu janrı seçmişəm.
- Layihəniz üçün qız səsi necə yaradıldı?
- Layihədə istifadə olunan qadın vokalı tamamilə süni intellekt vasitəsilə formalaşdırılıb. Əvvəlcə neytral bir vokal nümunəsi seçildi, daha sonra AI əsaslı “voice-transformation” alqoritmləri ilə tembr, formantlar, “pitch” və nəfəs dinamikası tənzimlənərək emosional tonlandırma verildi. Nəticədə həm təbii, həm də layihənin estetikasına uyğun xüsusi bir qadın səsi yaradıldı.
- Bu layihənin belə məşhur olacağını və mahnıların hər yerdə səslənəcəyini gözləyirdinizmi?
- Əslində layihəyə başlayarkən əsas məqsədimiz sadəcə yaradıcı bir səs dünyası qurmaq və dinləyiciyə fərqli bir emosional təcrübə təqdim etmək idi. Lakin işin bu qədər böyük maraq doğuracağını və mahnıların qısa müddət ərzində hər yerdə səslənəcəyini tam olaraq gözləmirdim. İlk reaksiyalar gəldikdən sonra layihənin özünəməxsus tərzi və süni intellektlə yaradılmış vokalın insanlarda xüsusi maraq oyatdığını gördük. Dinləyicilərin güclü dəstəyi və geniş paylaşımlar sayəsində layihə gözlədiyimizdən daha sürətli şəkildə populyarlaşdı.
- Musiqi layihənizin uğurlu olduğunu nə vaxt başa düşdünüz? Layihənizdən hansı mahnı “TikTok”da birinci trend oldu?
- Musiqi layihəmin uğurlu olduğunu ilk dəfə dinləyici reaksiyalarının çox qısa müddətdə sürətlə artması ilə anladım. Paylaşımların dinamik şəkildə çoxalması, videoların ard-arda “recommend” bölməsinə düşməsi və istifadəçilərin mahnıları səs kimi geniş istifadəyə verməsi layihənin artıq böyük bir auditoriyaya çatdığını açıq şəkildə göstərirdi. Bu proses xüsusilə mənim “TikTok” hesabım @byrahmanli üzərində daha aydın şəkildə özünü göstərdi.
“TikTok”da ilk trendə düşən parça isə Balabəyin Popuridə oxuduğu hissə oldu. Qısa müddətdə viral olan bu səs layihənin tanınmasında əsas dönüş nöqtəsi kimi çıxış etdi və geniş kütlələrə yayılmasını sürətləndirdi.
- Sizcə, musiqi və dünya gələcəyi süni intellektin nəzarətində olacaqmı?
- Süni intellektin musiqiyə və ümumilikdə yaradıcı sənayelərə təsiri artıq açıq şəkildə görünür. Lakin mən hesab edirəm ki, gələcək tamamilə süni intellektin nəzarətində olmayacaq. AI daha çox yaradıcı prosesi sürətləndirən, yeni imkanlar açan və sənətçilərə əlavə güc qazandıran bir vasitə kimi fəaliyyət göstərəcək.
İnsan emosiyası, həyat təcrübəsi və şəxsi ifadə tərzi hələ də musiqinin əsas nüvəsini təşkil edir. Süni intellekt isə bu emosiyanı tamamlayan, genişləndirən və fərqli təqdimat formaları yaradan bir texnologiyadır.
Qısaca desək, gələcək nə tam süni intellektin, nə də yalnız insanların olacaq - ən güclü nəticələr məhz bu ikisinin birləşməsindən yaranacaq.
- Yaratdığınız mahnılar internetdə inanılmaz populyar olduğu halda özünüzün kölgədə qalmağı sizi narahat etmir?
- Əslində, yaratdığım mahnıların bu qədər populyarlaşmasına baxmayaraq özümün kölgədə qalmağım məni narahat etmir. Mənim üçün əsas məqsəd diqqət mərkəzində olmaq deyil, insanların sevdiyi və təkrar-təkrar dinlədiyi bir səs dünyası yaratmaqdır.
Süni intellektlə hazırlanan layihələrdə çox vaxt musiqinin özü ön plana çıxır, müəllif isə arxa planda qalır. Bu, prosesin təbiətindən irəli gəlir. Mənim üçün isə ən böyük uğur dinləyicinin hisslərinə toxuna bilməkdir. Əgər mahnılar bunu bacarırsa, deməli, mən artıq nəticədən tam razıyam.
Müəllif: Feliks Vişnevetski








