“Burada bolşeviklər toplaşırdı” - Sovet ideologiyasını əks etdirən nişanələri qorumalıyıqmı? - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Burada bolşeviklər toplaşırdı” - Sovet ideologiyasını əks etdirən nişanələri qorumalıyıqmı? - MÜSAHİBƏ

15:22 - Bu gün
“Burada bolşeviklər toplaşırdı” - Sovet ideologiyasını əks etdirən nişanələri qorumalıyıqmı? - MÜSAHİBƏ

Tarix – sadəcə keçmişin yaddaşı deyil.

O xalq olaraq kim olduğumuzu, yolumuzu müəyyən edən dəyərlərin nədən ibarət olduğunu anlamağa kömək edən bir sütundur və məhz bu sütun üzərində gələcək qurulur.

Azərbaycan tarixinin ayrılmaz hissələrindən biri də Sovet dövrüdür. Bu dövrün izləri abidələrdə və xatirə lövhələrində əks olunaraq həmin zamanın mühüm hadisələrinin səslənməsini bugünə daşıyır. Müstəqilliyin əldə edilməsindən onilliklər keçməsinə baxmayaraq, sovet dövrünün bir çox əsas tarixləri, həqiqətən də, unudulmamalıdır. Amma bütün bu hadisələri eyni dərəcədə xatırlamalıyıqmı?

Məsələn, Bakıdakı bolşeviklərin gizli yığıncaqları kimi hadisələrin xatirəsini yaşatmaq nə dərəcədə vacibdir? Bu yığıncaqların nəticələri yaxşı məlumdur: 1920-ci ilin aprelində XI Qırmızı Ordu Azərbaycana daxil oldu və milli fikir daşıyıcılarına qarşı yönəlmiş repressiyalar xalqımıza ağır zərbə vurdu. Buna baxmayaraq, Bakı şəhərində bu gün də Azərbaycanın bolşeviklər tərəfindən işğalının dönüş nöqtələrinə aid xatirə nişanələrinə rast gəlmək mümkündür.

Müstəqillik dövründə sovet epoxasına aid bir çox abidələr demontaj edilib. Məsələn, 26 Bakı komissarlarına ucaldılmış memorial, eləcə də Kirov, Şaumyan, Əzizbəyov və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə birbaşa məsuliyyət daşıyan digər şəxslərin heykəlləri sökülüb.

Eyni zamanda bəzi abidələr bu günə qədər saxlanılıb. Məsələn, XX əsr Azərbaycan tarixində ictimai-siyasi və ədəbi fəaliyyəti ilə mühüm iz qoymuş Nəriman Nərimanova aid abidələr. Bu fonda belə suallar yaranır: Bakının mərkəzində sovet keçmişi ilə bağlı, xüsusilə kiril əlifbası ilə yazılmış – Azərbaycan xalqından müstəqilliyi almış yad ideologiyanı simvolizə edən xatirə lövhələrinin saxlanması nə dərəcədə məqsədəuyğundur?

Bolşeviklərlə bağlı daş qalıqlarını “dəyərli tarixi eksponatlar” kimi qəbul etməliyikmi? Bu, milli dəyərlərimizə, azərbaycançılıq ideyalarına və müasir dövlətçilik prinsiplərinə nə qədər uyğundur?

Bu suallarla tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyevə müraciət etdik.

Elnur Nəciyev

Elnur Nəciyevin 1news.az-a müsahibəsini təqdim edirik:

- Sovet dövrünün hadisələrinin xatirəsini saxlamaq bu gün nə dərəcədə önəmlidir, nəzərə alsaq ki, onların nəticələri Azərbaycanın müstəqilliyinin itirilməsinə və Azərbaycan xalqına qarşı repressiyalara səbəb olmuşdur?

- Bugün biz müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Azərbaycanın müstəqilliyinin itirilməsinə və Azərbaycan xalqına qarşı repressiyalara, sürgünlərə səbəb olmuş Sovet dövrünün hadisələrinin yaddaşda saxlanılmasına ehtiyac duyulmur. Bakıda ayrı-ayrı tarixi tikililər üzərində elə xatirə lövhələri var ki, onlar Sovet dövrünün xatirəsini hələ də canlı saxlayır. Məsələn, İkinci dünya müharibəsi kimi dövrlə bağlı M.Ə.Rəsulzadə 8 ünvanında yerləşən mehmanxananın üzərində belə bir xatirə lövhəsi qoyulub: “Bu binada 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində evakuasiya xəstəxanası yerləşirdi”. Halbuki biz müstəqil bir dövlətdə yaşayırıq və bizə nə dərəcədə belə bir lövhə lazımdır?! Yaxşı olardı ki, bu lövhədəki yazı belə bir məzmunda redaktə edilsin:“Bu binada 1941-1945-ci illərdə evakuasiya xəstəxanası yerləşirdi”, yaxud da tamamilə götürülsün. Çünki “Böyük Vətən Müharibəsi” termini ilk dəfə 1941-ci ildə SSRİ rəhbərliyi tərəfindən nasist Almaniyasına qarşı müharibəni ideoloji səviyyədə səfərbərlik məqsədilə formalaşdırılmış siyasi anlayış idi. Müstəqil Azərbaycan üçün “vətən” anlayışı SSRİ-nin deyil, Azərbaycan dövlətinin sərhədləri və kimliyi ilə müəyyən olunur. Buna görə də terminoloji olaraq “Böyük Vətən” anlayışı müstəqil dövlət anlamı ilə üst-üstə düşmür.

Tarixi unutmamaqla onu kor-koranə qorumaq arasında ciddi fərq mövcuddur. Bunun bariz nümunələrindən biri Bakının mərkəzində, Həzi Aslanov küçəsi 88a ünvanında yerləşən sovet dövrünə aid xatirə lövhəsidir. İlk baxışda sadə tarixi işarə təsiri bağışlayan bu lövhə, əslində, sovet işğalına aparan siyasi proseslərin simvoludur. Lövhənin göstərdiyi 1919-cu il gizli bolşevik iclası Azərbaycanın sovetləşdirilməsi planlarının əsas mərhələsi, 1920-ci il işğalının isə ideoloji-hərbi başlanğıcı idi. Həzi Aslanov küçəsi 88a ünvanında yerləşən “Burada 1919-cu ilin mayında Qafqaz Ölkə komitəsinin gizli iclası olmuşdur” yazılmış lövhənin hazırda da saxlanılması nəyə və ya kimə xidmət edir?

Bu xatırlatdığımız iki lövhədən savayı paytaxtda Sovet dövrünü xatırladan və hər gün təsadüf etdiyimiz, lakin diqqət etmədiyimiz başqa lövhələr də var və onların zamanla Azərbaycandan təmizlənməsi faydalı olacaqdır.

- Belə xatirə lövhələrini küçələrdə və binalarda, hər gün minlərlə insanın gördüyü yerdə saxlamaq nə dərəcədə düzgündür? Yoxsa onların tarixi konteksti ilə muzeylərdə və sərgi eksponatlarında təqdim edilməsi daha məqsədəuyğundur?

- Sovet ideologiyasına xidmət edən xatirə lövhələrinin küçələrdə saxlanması yolverilməzdir və onların muzeylərə köçürülməsi də yetərli həll yolu deyil. İctimai məkanın ideoloji maarifləndirmə istiqamətində mühüm rol oynadığını nəzərə alsaq, Sovet dövrünün hadisələrinin xatirəsinin qorunmasının nə dərəcədə mənfi nəticələr doğurduğunu daha yaxşı başa düşmək olar. Çünki Sovet ideologiyasına xidmət edən xatirə lövhələri hər gün minlərlə insanın şüuruna təsir edir, keçmiş totalitar ideologiyanın legitimliyini simvolik olaraq yenidən istehsal edir. Bu baxımdan belə lövhələrin şəhərin mərkəzində qalması elmi cəhətdən ictimai şüura səssiz müdaxilə kimi dəyərləndirilir. Müstəqil dövlət öz ideoloji sərhədlərini məhz ictimai məkanlar vasitəsilə qurur; sovet ideologiyasının simvollarını mərkəzi küçələrdə saxlamaq bu sərhədlərin pozulmasına səbəb olur. İlk baxışda belə görünə bilər ki, sovet ideologiyasına aid abidələri muzeyə aparmaq problemi həll edir. Lakin elmi yanaşma göstərir ki, bu da hər zaman məqsədəuyğun deyil. Çünki muzey neytral məkandır və ideoloji məsələ neytrallıqla uyğun gəlmir.

Muzeylər tarix obyektlərini neytral tədris materialı kimi təqdim edir. Sovet ideologiyasına xidmət edən lövhə isə siyasi təbliğat məqsədilə hazırlanmış bir obyektdir. Onu muzeyə yerləşdirməklə, obyekt öz ideoloji mahiyyətini qismən itirmiş kimi görünür — halbuki bu obyekt öz dövründə repressiyalarla müşayiət olunan bir ideologiyanın simvoludur. Toz-torpaq içində saxlanılan və ya yalnız “sovet lövhəsi” kimi nümayiş etdirilən eksponat tarixi izah etmir, sadəcə onu qoruyur. Muzeyə gətirməklə obyekt “mədəni irs” statusu qazanır. Tarix elmi və mədəni irs araşdırmalarında bir obyektin muzeyə daxil edilməsi onun müəyyən dərəcədə “qorunmağa dəyər irs” kimi qəbul edilməsi deməkdir. Sovet işğalının təşkili ilə bağlı məkanları və simvolları “irsi obyekt” kimi təsnifləşdirmək: Azərbaycan dövlətçiliyi tarixinin məntiqi ilə ziddiyyət təşkil edir, sovet işğalının legitimliyinə dolayı yolla işarə edir, “məşhur fakt”, “dəyərli xatirə” fikrini yaradır. Halbuki bu obyektlər mədəni irs deyil, ideoloji qalıqlardır. Obyektin muzeyə daşınması yox, onun kontekstual tənqidi təqdimatı vacibdir. Bu cür abidələr yalnız həmin ideologiyanın zərərini, Azərbaycanın itirdiklərini, siyasi mexanizmləri, sovetləşmənin metodlarını izah edən ekspozisiyada yer ala bilər. Sadəcə muzeyə köçürmək kifayət deyil — onu tənqidi tarix konsepsiyası çərçivəsində şərh etmək lazımdır. Əks halda obyekt yenidən “sovet keçmişi”nə xidmət edə bilər. İctimai məkandan sovet ideoloji simvollarının çıxarılması dövlətçilik prinsipinin tələbidir.

- Sovet dövrünə aid hansı abidələrin saxlanılacağını, hansılarının isə söküləcəyini müəyyənləşdirən meyarlar necə olmalıdır ki, həm tarixi həqiqət qorunsun, həm də müstəqil Azərbaycanın prinsiplərinə zidd olmasın?

Birincisi, ideoloji–təbliğat məqsədli abidələr (bolşevik liderləri, sovet partiya orqanları, XDİK, repressiya strukturlarının “qəhrəmanlaşdırılması”, sovet hərbi işğalını təbliğ edən simvollar) mütləq sökülməlidir. Məsələn, bugün Ayna Sultanovanın abidəsi və adına parkın qorunub saxlanılmasına gərək yoxdur. Onun əvəzinə ilk parlamentimizə sədrlik etmiş Əlimərdan bəy Topçubaşov parkı salmaq olar və həmin parkda da ona abidə qoymaq olar. Hər bir abidə ictimai şüura mesaj verən ideoloji mətndir. Müstəqilliyin itirilməsini simvolizə edən obyektlər dövlətçilik şüurunu zədələdiyən görə ictimai məkanda saxlanıla bilməz. Dönəmin sosial və mədəni həyatını göstərən, lakin siyasi məna daşımayan obyektlər qoruna bilər, çünki siyasi yox, sosial tarix dəyəri var.

Fəridə Bağırova

Qafar Ağayev

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər