“Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni səhifə açılır” - Sevinc Fətəliyeva | 1news.az | Xəbərlər
Siyasət

“Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni səhifə açılır” - Sevinc Fətəliyeva

16:43 - Bu gün
“Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni səhifə açılır” - Sevinc Fətəliyeva

“Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni səhifə açılır”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

“Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənstan liderlərinin görüşü, eləcə də imzalanmış sənədlər yeni tarixi mərhələnin başlanğıcıdır.

Deputat bildirib ki, Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi və bu görüş təşəbbüsü də onun sözügedən mövqeyindən irəli gəlir. Vaşinqton görüşü öncəsi Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı nikbin proqnozlar verilirdi, bu gözləntilər də özünü doğrultdu. Belə ki, Vaşinqtonda tarixi hadisələr baş verdi. Əvvəlcə qeyd edək ki, dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donal Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşü, xalqımız və ölkəmi haqqında müsbət fikirləri ilk növbədə dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir. Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin, iki ölkənin prezidentləri arasında keçirilən görüş çərçivəsində D.Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması xüsusi vurğulanmalıdır. Məlumdur ki, vaxtilə qəbul olunmuş bu sənəd tamamilə obyektivlikdən uzaqdır. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş 907-ci düzəliş iki ölkənin münasibətlərinə ciddi xələl gətirirdi. Doğrudur, illər öncə 907-ci düzəlişin tətbiqi dayandırılmışdı, lakin Bayden administrasiyası dövründə bu sənəd yenidən tətbiq olunmağa başladı. Prezident Tramp tərəfindən verilən bu qərar isə ədalətin bərpasıdır".

Millət vəkilinin sözlərinə görə, ən mühüm məqam Vaşinqtonda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün atılan addımlardır. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ olduqca vacibdir. Saziş layihəsinin paraflanması, sənədin imzalanması üçün mühüm mərhələdir. ATƏT-in Minsk qrupuna gəlincə, birgə müraciət bu təsisatın sonu deməkdir. Məlumdur ki, Minsk Qrupunun ləğvi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biridir. 30 il ərzində münaqişənin həlli üçün heç bir praktiki addım atmayan Minsk qrupu artıq rəsmən tarixin arxivinə göndərilir.

Sevinc Fətəliyeva qeyd edib ki, Vaşinqton görüşünün nəticəsi olaraq liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusi önəm kəsb edir. Sənəd Azərbaycanın maraqlarına tam cavab verir. Birgə Bəyannamədə çox mühüm məqamlardan biri iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni özündə əks etdirir.

Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatı zamanı mühüm mesajlar verərək deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”. Bununla belə, dövlətimizin başçısı Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Ermənistanın ev tapşırıqlarının olduğunu da xatırladaraq vurğulayıb: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər”. Dövlət başçısı müsahibəsində Azərbaycan-ABŞ münasibətləri, 907-ci düzəlişin ləğvi, Minsk qrupunun buraxılması və s. barədə fikirlərini də ifadə edib.

“Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Beləliklə, regionumuz yeni bir mərhələ ərəfəsindədir. İnanırıq ki, bu mərhələ xalqlarımıza böyük fayda verəcək”, -deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər