“Zərifə xanım rəhmətə gedəndə Heydər Əliyev nəfəs ala bilmirdi” – Ömər Eldarovun xatirələri - VİDEOMÜSAHİBƏ
Bakı küçələrini onun ərsəyə gətirdiyi heykəllər olmadan təsəvvür etmək çətindir.
Onların yanında dayanan hər kəs bir az keçmişi xatırlayır, bir az da gələcəyi düşünür. Bəzən Cavid Əfəndinin düşüncəli gözləri, bəzən Natəvanın zərif siması, bəzən isə Füzulinin müdrik duruşu yoldaşlıq edir bu düşüncələrə. Bütün bunların arxasında isə 98 yaşlı Ömər Eldarovun əlləri, baxışları və uzun bir ömrə sığan sənət duyumu dayanır. Qocaman heykəltaraş öz əsərlərində zamanın kənarından baxan bir sənətkar kimi yaşadığı illəri, sevdiyi insanları, toxunduğu duyğuları görür.
Beləliklə, 1news.az-ın budəfəki müsahibi heykəltaraş, Xalq rəssamı, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Lütfi Zadə, Ziya Bünyadov, Səttar Bəhlulzadə kimi saysız siyasi və mədəni simaların heykəl və qəbirüstü abidələrini hazırlayan Ömər Eldarovdur.
- Bir insan üzü üzərində işləyərkən təkcə onun cizgiləri, mimika və ifadəsini canlandırmırsınız, həm də onun daxili dünyasını göstərirsiniz. Bəs insan xarakterini heykələ köçürmək olur?
- Hər şeydən əvvəl çalışıram ki, o insan haqqında çox oxuyum, insanlarla danışım, görüm. Yəni çoxlu material yığmaq istəyirəm. Nə qədər çox yığsam, o qədər yaxşıdır. Onda mənə onun obrazını açmaq rahat olur.
- Heykəllərdə sevinci göstərmək daha asandır, yoxsa kədəri?
- Yəqin ki, sevinci. Yəqin ki... Amma mövzudan da asılıdır.
- Heykəltəraşlıqda “sükut” necə ifadə olunur?
- Bu da obrazdan və mövzudan asılıdır. Amma əsas odur ki, çox inandırıcı və dəqiq olsun. İnsan ona baxanda görəcək ki, bu dəqiq belədir.
- Dövlət və ictimai xadimlərin portret heykəllərini yaradarkən sənət və siyasət arasında incə balansı necə saxlayırsınız?
- Hər şeydən əvvəl mən gərək o insanın kim olduğunu bilim. Oxuyum və onun haqqında məlumat yığım. Nə qədər yığa bilsəm, bir o qədər də mənə rahat olacaq.
- Siz bir çox tanınmış insanın heykəl və qəbirüstü abidələrini düzəltmisiniz. Bu insanlardan biri də Zərifə Əliyevadır. O dövrü necə xatırlayırsınız?
- Zərifə Əliyeva rəhmətə gedəndə bu işi mənə Heydər Əliyev tapşırıb. O, möhkəm kişi idi. Amma həmin vaxt nəfəs ala və danışa bilmirdi. Çox narahat idi. Onun xəstə olduğunu bilirdi, amma belə tez olacağını bilmirdi. Amma mənə tapşırdı ki, onun obrazını siz yaradarsınız. Mənim də bir neçə təklifim olub. O hamısına baxdı və sonda indiki variantı təsdiqlədi.
Heydər Əliyev rəhbər idi, özü də çox böyük rəhbər idi. Amma o, çox sadə insan idi. Həmişə zarafatlar edirdi. Kiminsə cüssəli olduğunu görəndə deyirdi, gəl güləşək (gülür-red.). Çox ünsiyyətcil idi.
- Siz həm də onun büstünü hazırlamısınız.
- Bəli, hazırlamışam. Ümumiyyətlə, o heykəlinin düzəldilməsinə hirslənirdi. Deyirdi, mənə niyə heykəl düzəldirsən? Amma qərar var idi ki, Sosialist Əməyi Qəhrəmanı olurdusa, doğulduğu yerdə onun büstü qoyulsun. Amma büstün ölçüsü, materialı - hər şey əvvəldən dəqiqləşdirilirdi. Biz istəyirik ki, heykəl monumental və əzəmətli olsun. Bu ölçüdən və materialdan asılıdır. Bunlar isə əvvəldən dəqiqləşdirilib. Onun yerindən də çox şey asılıdır. Siz onu düz qoymasanız, o itəcək, balaca olacaq. Onun fonu, arxadan mənzərəsi düzgün olsa, lap böyük görünəcək. Biz də belə etmişik. Möminə Xatun heykəlini lap axıra qoymuşduq ki, mənzərə görünsün.
- Elə sizin sözünüzə qüvvət bir sualım yarandı. Anar Rzayev Milli Məclisdə çıxışı zamanı Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edilib. Səbəb kimi də onu göstərirdi ki, həmin yerdə artıq restoran fəaliyyət göstərir və sanki Zərdabinin heykəli orada “qapıçı” rolunu oynayır. Ümumiyyətlə, heykəllərin köçürülməsinə münasibətiniz necədir?
- Əgər bu xeyirli olacaqsa, lazımdır, deyilsə, lazım deyil. O heykəlin yerinin dəyişməyi yaxşılığa doğru olacaq, yoxsa yox? Ancaq bundan asılıdır.
- Fəaliyyətiniz boyunca bir çox insanın heykəlini hazırlamısınız. Bəs Ömər Eldarovun heykəlini kim hazırlasın istərdiniz? Bu işi kimə etibar edərdiniz?
- Mən heykəlimin olmağını istəmirəm. Qətiyyən istəmirəm və xoşlamıram. Nəyə lazımdır? Mən o qədər heykəl hazırlamışam. Şəhərdəki heykəllərin hamısı mənimdir. Bu heykəllər elə mənə də heykəldir. Məni təsvir etməyə ehtiyac yoxdur.
- Sanki onların timsalında öz heykəlinizi də yaratmış kimi hiss edirsiniz...
- Bəli.
- Bəs siz öz yaratdığınız heykəlləri görəndə nə hiss edirsiniz? Onlarla nə danışırsınız? Çünki illər öncə yaratdığınız işlərdir.
- Müəllif həmişə öz işinə sonradan baxanda mütləq bir qüsur tapır. “Mən səhv etmişəm”, “Bunu belə etmişəm” və s. Həmişə belə olur. Amma yaxşı iş olanda görünür. Müəllif özü də görür ki, bu düzdür. Mən hələ heç bir əsərimə görə məyus olmamışam. Hər heykəl yaxşı dayanır.
- Gələcəkdə yaratmaq istədiyiniz, amma hələ toxunmadığınız bir obraz və ya mövzu varmı?
- Biz çox obrazlar yaradırıq. Hətta elələri var idi ki, mən onları heç tanımırdım. Bilmirdim ki, belə insan var. Ona görə də biz çox məlumat toplamalıyıq. O harada olub? Kiminlə danışıb? Çox diqqətli olmaq və ondan sonra yaratmaq lazımdır.
- Deməli, ürəyinizdə qalan bir obraz yoxdur. Hamısını yaratmısınız.
- Bəli, yaratmışam.
- Siz bayaq qeyd etdiniz ki, müəllif öz əl işlərinə baxanda düzgün nüansları görür, amma özünə tənqidlərini də edir. Ümumiyyətlə, yaradıcı insanlara 2 aspektdən yanaşırlar: ya işlərinə heyran olurlar, ya da tənqid edirlər. Ömər Eldarov tənqidləri necə qarşılayır?
- Olub olub da. Artıq dəyişmək olmur. Boş-boş şeylərə görə ovqatın korlanar. Məndə belə hallar çox olmayıb.
- Bəs kiminsə sizə yaxınlaşaraq hansısa bir işinizə tənqid bildirdiyini xatırlayırsınız?
- Çox heykəllər yaratmışam. Bakıdakı heykəllərin çoxunun müəllifi mənəm. Mən bu yaxında şəhərə çıxmışdım. Füzulinin heykəlinə baxdım və razı qaldım. Müəllif kimi mən razı qaldım. Bu çox vacibdir. Müəllif gələndə deyir, vay-vay, mən nə etmişəm?! Bu çox pisdir. Məndə belə olmayıb.
- Hazırda gənclər rəssamlığa çox böyük maraq göstərirlər. Amma heykəltaraşlığa sanki maraq yoxdur. Kənardanmı belə görünür, yoxsa belədir? Belədirsə də, bunun səbəbi nədir?
- Heykəl elə şeydir ki, gərək dövlət qərarı olsun. Əvvəllər belə bir qanun var idi: “monumental təbliğat”. Buna görə də planlar olub, pul ayrılıb, yeri qərarlaşdırılıb. Yəni hər şey olub. İndi isə heç nə yoxdur.
- Öz tənqidlərinizi dilə gətirmişkən çox uzun bir ömür və yaradıcılıq yolu keçmisiniz. Belə qocaman bir insan öz işi ilə bağlı hansı tənqidlərini dilə gətirmək istəyərdi? Və hansı təklifləriniz olardı?
- Bəlkə də, mən eqoist tərəfdən yanaşıram. Bizdə monumental heykəllər çox azdır. Avropa bilirsiniz nə qədər monumental heykəllər var? Mənim təklifim belədir ki, heykəllər çox olsun. Bu heykəlləri kim üçün edirik? Camaat üçün edirik. Tarix üçün edirik. Bizdə çox azdır.
- Bəs gənclərə və davamçılarınıza nə məsləhət görərdiniz?
- Bizim gənclər çox istedadlıdır. Amma tələbat yoxdur. Sifarişi yoxdur. Onlar çox pis vəziyyətdə qalırlar. Cavan adamdır, peşəkardır, gücü çoxdur, amma işi yoxdur. Bu demək olar ki, tragediyadır.
- Son olaraq sizi dinləyənlərə nə demək istərdiniz?
- Ən əsası sağlamlıqdır. İnsan sağlam olanda hər şey olacaq. Amma sağlam olmasa, heç nə olmayacaq. Ona görə də hamıya deyirəm, sağlamlıq, sağlamlıq, sağlamlıq...
- Biz də sizə can sağlığı arzu edirik. Həmişə yaradın və bizi feyzyab edin. Müsahibə üçün təşəkkür edirəm!
- Çox sağ olun!
Beləliklə, müsahibəmiz sona çatdı. Ömər bəy bizi emalatxanasındakı əl işləri ilə tanış etdi. Yaradıcılığında övladlarının obrazına da yer verən Ö.Eldarov mərhum oğlu heykəltəraş, rəngkar və qrafik ustası Müslüm Eldarovdan da bəhs etdi. Onun ölümündən bəhs edərkən kövrələn sənətkar gözlərini qurulayarkən "Nə qədər çox yaşayırsansa, bir o qədər də çox əzizlərinin ölümünü görürsən. Amma neylək, həyatın qanunu belədir" deyərək buludlanan baxışlarını üzümə dikdi.
Ömər bəylə söhbət zamanı Anar Rzayevin portreti üzərində çalışdığını da öyrəndik. Hazırlanma mərhələsində olan işini görə bilməsək də, yaradıcılığının nə qədər canlı və tükənməz olduğunu hiss etdik. Dəyərli sənətkarımıza Tanrıdan sağlam can diləyirik. Yaşayın və yaratmağa davam edin! Qəlbinizə və qolunuza qüvvət!
FOTO - VİDEO - Nadir İbrahimli
























