Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi göndərilib - FOTO

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş yükün növbəti hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
1news.az xəbər verir ki, yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təşkil olunub. Humanitar yükə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 25 ədəd generator və 7 dəst transformator daxildir.
Avadanlıqlar Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilib. Yardımın ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola çıxıb. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan yardımın növbəti hissəsi bu gün göndərildi.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yüklər göndərib. Hazırkı müharibə şəraitində Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını ötüb.
Foto: Nadir İbrahimli


















