Bakıda avtobus hamilə qadını vurdu – “BakuBus”dan açıqlama
Bloger Saleh Nəsirovun öz səhifəsində paylaşımında qeyd olunub ki, ötən gün Bakıda Afiyəddin Cəlilov küçəsində avtobus yolu düzgün keçməyən hamilə qadını piyadanı vurub.
Qeyd olunub ki,qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və komaya düşüb. Hadisə şahidləri ilkin olaraq yaralıya kömək göstərib, daha sonra isə təcili tibbi yardım hadisə yerinə gələrək onu xəstəxanaya aparıb.
Məsələ ilə bağlı “BakuBus” MMC-dən 1news.az-a verilən məlumata görə, ötən gün saat 14:14 radələrində “BakuBus” MMC-nin istismarında olan 88A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində Afiyəddin Cəlilov küçəsində, yol-nəqliyyat hadisəsi baş verib.
“Hadisə piyada keçidi nəzərdə tutulmayan ərazidən piyadanın yolu keçməsi nəticəsində baş verib. Hadisə ilə bağlı Təcili tibbi yardım xidmətinə və aidiyyəti dövlət qurumlarına məlumat verilib. Eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə bütün sərnişinlərin piyada keçidi nəzərdə tutulmayan ərazilərdən yolu keçməmələrini xahiş edirik”.












