STM Bakının su təchizatı ilə bağlı keçirdiyi sorğunun nəticələrini AÇIQLADI | 1news.az | Xəbərlər
Cəmiyyət

STM Bakının su təchizatı ilə bağlı keçirdiyi sorğunun nəticələrini AÇIQLADI

Qafar Ağayev12:31 - Bu gün
STM Bakının su təchizatı ilə bağlı keçirdiyi sorğunun nəticələrini AÇIQLADI

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.

STM-dən 1news.az-a verilən məlumata görə, sorğunun nəticələri Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da öz əksini tapan hədəflərin, bütövlükdə ölkə üzrə, xüsusilə də paytaxtda su təchizatı sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yaxınlaşma, su ehtiyatlarının artırılması, alternativ su mənbələrindən istifadənin genişləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin görülməsinin aktuallığını təsdiqləyib.
Bakı şəhərində sürətli urbanizasiya, əhalinin dinamik artımı və yaşayış massivlərinin genişlənməsi mövcud su infrastrukturunun təkmilləşdirilməsini zəruri edir. Bununla yanaşı, iqlim dəyişikliyinin təsirləri, yağıntıların qeyri-bərabər paylanması və yeraltı su ehtiyatlarının azalması şəhərin su təminatının dayanıqlılığı qarşısında risklər yaradır. Tədqiqatın nəticələri mövcud vəziyyətin real mənzərəsini ortaya qoymaqla, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün alternativ analitik resurs yaradır.

Tədqiqatın coğrafi əhatəsi və metodoloji əsasları

Azərbaycan Respublikasının 2024-cü il üzrə inzibati ərazi bölgüsü təsnifatına əsasən, Bakı şəhəri 12 inzibati rayondan və ona daxil olan 59 qəsəbədən ibarətdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda Bakı şəhərinin bütün inzibati rayonları əhatə edilib. Sorğuda iştirak edən paytaxt sakinlərinin 15.2%-i Suraxanı rayonunda, 15.4%-i Binəqədi rayonunda, 12.8%-i Sabunçu rayonunda, 10.9%-i Yasamal rayonunda, 8.3%-i Xəzər rayonunda, 7.6%-i Qaradağ rayonunda, 6.5%-i Səbail rayonunda, 6.0%-i Nərimanov və Nəsimi rayonlarında, 5.5%-i Xətai rayonunda, 3.6%-i Nizami rayonunda, 2.3%-i isə Pirallahı rayonunda yaşadığını bildirib.
Sorğu iştirakçılarının 41.9%-i şəhərdə, 53.1%-i qəsəbədə və 5.0%-i kənddə məskunlaşdığını qeyd edib. Həmçinin sorğunun nəticələrinə əsasən, sakinlərin 45.6%-i bina evində (o cümlədən, 11.5%-i yeni tikili, 34.1%-i köhnə tikili), 54.4%-i həyət evində yaşayır.
Sorğular 2025-ci ilin 30 iyul – 4 avqust tarixlərində, 390 ev təsərrüfatı arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən inzibati rayonlara aid stasionar telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin tədqiqat məqsədləri üçün istifadə olunacağı barədə məlumat verilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Su təchizatının vəziyyəti

Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə məlumatına görə, Bakı şəhərində evin daxilində su kəməri olan ev təsərrüfatlarının sayının bütün ev təsərrüfatlarının sayında xüsusi çəkisi 99.9%-dir. Evlərin 98.1%-nin mərkəzləşdirilmiş su təchizatı, 1.8%-nin fərdi su təchizatı mövcuddur.
STM-in keçirdiyi sorğunun mühüm nəticələrindən biri evlərə suyun verilməsi rejimi ilə bağlı mövcud vəziyyətdir. Sorğuda iştirak edənlərin 56.0%-i yaşadığı evə (mənzilə) suyun gündəlik olaraq daimi rejimdə verildiyini bildirib.
 Bu göstərici həyət evlərində yaşayanlar üzrə 50.7%-ə;
 Yeni tikili bina evində yaşayanlar üzrə 83.7%-ə;
 Köhnə tikili bina evində yaşayanlar üzrə 55.7%-ə bərabərdir.
Respondentlərin 39.3%-i suyun fasiləli olaraq, yəni müəyyən qrafiklə verildiyini bildirib. 4.7% ümumiyyətlə evinə su verilmədiyini bildirib.
 Suyu fasiləli rejimdə alanların 27.0%-i suyun gündəlik olaraq 3 saata qədər, 43.1%-i 3 saatdan 6 saata qədər, 29.9%-i 6 saatdan çox verildiyini bildirib.
 Suyun ümumiyyətlə verilmədiyini bildirənlər, eləcə də həyət evlərində yaşayan və suyu fasilə ilə verilənlərin əhəmiyyətli hissəsi bu tələbatlarını su maşınları vasitəsilə ödəyir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə tədqiqatına görə, Bakı şəhərində yaşayanların 34.1%-nin içməli su təminatındakı əsas problemi suyun fasiləli rejimdə verilməsi olub. STM-in keçirdiyi hazırkı sorğunun nəticələri 2025-ci il üzrə bu göstəricinin 39.3% olduğunu müəyyən edib. Xüsusilə həyət evlərində və qəsəbələrdə bu problem daha aktualdır.
Ümumi sorğu iştirakçılarının 62.8%-i suyun verilmə təzyiqindən razı olduğunu, 36.3%-i razı olmadığını bildirib.
 Həyət evində yaşayanların 57.2%-i suyun verilmə təzyiqinin yetərli olduğunu, 42.4%-i yetərli olmadığını bildirib.
 Yeni tikili bina evində məskunlaşanların 78.6%-i suyun təzyiqindən razı olduğunu, 16.7%-i razı olmadığını bildirib.
 Köhnə tikili bina evində yaşayanların 66.5%-i suyun verilmə təzyiqinin onları qane etdiyini, 33.0%-i qane etmədiyini bildirib.
 Qəsəbələrdə məskunlaşanların suyun verilmə təzyiqindən məmnunluq səviyyəsi şəhər sakinləri ilə müqayisədə aşağıdır.

Alternativ üsullar və fərdi infrastruktur

Su təchizatındakı fasilələr səbəbindən, sakinlərin 52.1%-i su tədarükü məqsədilə fərdi su çənindən və ya hovuzlardan, eləcə də 38.8%-i fərdi su nasoslarından istifadə edir. Fərdi nasoslardan istifadə səviyyəsi həyət evləri üzrə 63.1%, yeni tikili bina evləri üzrə 19.0%, köhnə tikili bina evləri üzrə 23.3%-dir.

Kanalizasiya və sanitar risklər

Bina evində məskunlaşanların 33.3%-i yaşadığı binanın zirzəmisinə tullantı və kanalizasiya suları yığıldığını bildirib. Onların 60.9%-i yaşadıqları binanın zirzəmisində kanalizasiya və tullantı sularının olmadığını qeyd edib, 5.8% bu barədə məlumatsız olduğunu bildirib.
 Sorğunun nəticələrinə əsasən, binanın zirzəmisinə tullantı və kanalizasiya sularının yığılması hallarının qeyd olunması köhnə tikili binalar üzrə 38.9%-ə, yeni tikili binalar üzrə 16.3%-ə bərabər olub.
Köhnə tikili bina sakini olan respondentlərin 45.8%-i binanın su xətlərinin yeni olduğunu, 54.2%-i köhnə xətlər olduğunu bildirib.

Suyun keyfiyyəti və içməli su vərdişləri

Sorğunun nəticələrinə əsasən, paytaxt sakinlərinin 46.4%-i suyun keyfiyyətindən razı, 48.2%-i narazıdır. Respondentlərin 5.4%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
 Həyət evində yaşayanlar arasında suyun keyfiyyətindən razılıq səviyyəsi (razılıq - 55.5%) bina evində yaşayanlarla (razılıq - 35.6%) müqayisədə yüksəkdir.
Respondentlərin 35.4%-i içmək məqsədilə birbaşa kran suyundan, 34.9%-i qablaşdırılmış sudan, 26.3%-i isə filtrlənmiş kran suyundan, 3.4%-i digər mənbələrdən istifadə etdiyini bildirib.

"955" Çağrı Mərkəzinin fəaliyyəti

Respondentlərin 25.8%-i Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "955" Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı fikirlərini ifadə edib, 74.2%-i qaynar xəttə ümumiyyətlə müraciət etmədiyini bildirib.
 Cağrı Mərkəzinin fəaliyyəti barədə rəy bildirənlərin 50.5%-i müraciətlərin cavablandırılması və həll edilməsi səviyyəsinin onları qane etdiyini, 49.5%-i qane etmədiyini bildirib.

İctimai məlumatlılıq və davranış nümunələri

Sorğunun nəticələrinə əsasən, paytaxt sakinlərinin 67.5%-i istifadə etdiyin suyun mənbəyi barədə məlumatsızdır.
Respondentlərin 19.5%-i yaşadığı evə (mənzilə) suyun Ceyranbatan su anbarından, 7.3%-i Oğuz-Qəbələ-Bakı su kəmərindən, 4.4%-i Kür çayından, 1.3%-i Şollar-Bakı kəmərindən gəldiyini bildirib.
Respondentlərin 7.6%-i sudan istifadəsi zamanı sui-istifadə halları (suyun məqsədsiz yerə axıdılması, qanunsuz su bağlantısı və s.) ilə tez-tez qarşılaşdığını, 20.1%-i ara-sıra qarşılaşdığını bildirib. Onların 70.6%-i bu kimi hallarla qarşılaşmadığını bildirib, 1.8%-i bu barədə rəy bildirməyib.
Sorğu iştirakçılarının 87.2%-i gündəlik işlərində suya daim qənaət etdiyini, 10.7%-i bəzən qənaət etdiyini bildirib. 2.1%-i ümumiyyətlə buna diqqət etmədiyini qeyd edib.

Vətəndaşların təklifləri

Sorğu iştirakçılarının 54.2%-i paytaxtın su təchizatı ilə bağlı öz təkliflərini irəli sürüb. Həmin təklifləri əsas istiqamətlər üzrə qruplaşdırdıqda, ilk sırada suyun daimi, fasiləsiz rejimdə verilməsi, eləcə də yay aylarında su kəsintiləri ilə bağlı vətəndaşların əvvəlcədən məlumatlandırılması məsələsi dayanır. Növbəti təkliflər paytaxta daxil olan su kəmərlərində filtrlərin quraşdırılması və suyun keyfiyyətinin artırılması, texniki və içməli suyun ayrı sistemlərlə verilməsi, kran suyunun təmizliyinin içmək üçün zərərsiz və sağlamlıq üçün uyğun normaya çatdırılmasıdır.
Paytaxt sakinlərinin bu sahədə növbəti təklifləri suyun israfının qarşısının alınması, suya qənaətlə bağlı ictimai təbliğatın aparılması və avtoyuma məntəqələrində suya nəzarət edilməsi ilə bağlıdır. Həmçinin köhnə su xətlərinin yenilənməsi, küçə və məhəllələrdə əlavə su kranlarının yerləşdirilməsi, hər bir qəsəbədə sututarların tikintisi, suyun paylanmasında ədalətliliyin təmin olunması və şəhərətrafı ərazilərdə su çatışmazlığının aradan qaldırılması səsləndirilən təkliflər arasında yer alıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər